Əcnəbilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmə şərtləri dəqiqləşdirilir

Azərbaycanın işğal altda olan ərazilərinə istənilən ölkənin vətəndaşlığı olan və olmayan sakinlərinin gediş – gəliş şərtləri qanunvericilik ilə dəqiqləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin 4-cü maddəsində xüsusi müddəalar yer alır…

Azərbaycanın işğal altda olan ərazilərinə istənilən ölkənin vətəndaşlığı olan və olmayan sakinlərinin gediş – gəliş şərtləri qanunvericilik ilə dəqiqləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin 4-cü maddəsində xüsusi müddəalar yer alır. Maddənin birinci hissəsində göstərilir ki, Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Xarici İşlər Nazirliyindən, diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər.

Bundan başqa Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları ölkənin Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin razılığı əsasında Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər. Bu müddəanı pozan şəxslər Azərbaycan Cinayət Məcəlləsində tənzimlənəcək müvafiq maddələrə uyğun olaraq cəzalandırılacaqlar.

Qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

/APA/