Əli Həsənov: Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra İmdad Komitəsi ölkəmizdə fəaliyyət göstərəcək

Bu gün Bakıda İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi ” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətinin başa çatması və dəyərləndirilməsi ilə bağlı tədbir keçirib…

Bu gün Bakıda İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi ” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətinin başa çatması və dəyərləndirilməsi ilə bağlı tədbir keçirib.

 

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Komitənin Azərbaycan nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi təşkilatın Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib.

 

Təşkilatın Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərdiyini deyən M.Seyyidi qeyd edib ki, fəaliyyət göstərdiyi 20 il dörd ay ərzində təşkilat müxtəlif sahələrə 43 milyon ABŞ dolları vəsait ayırıb.

 

M.Seyyidi bildirib ki, Komitə Azərbaycanda fəaliyyət göstərən ilk xeyriyyə təşkilatlarındandır.

 

Onun sözlərinə görə, Komitə Aərbaycanda tikinti, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə humanitar fəaliyyətlə məşğul olub.

 

M.Seyyidi əlavə edib ki, Komitə Azərbaycanda yeni iş yerləri yaratmaq, kiçik sahibkarlığın inkişafına yardım etmək üçün 2 milyon manat faizsiz kredit ayırıb: “Azərbaycanda ümumilikdə 6 milyona yaxın insan Komitənin layihələrində iştirak edib. 500 min nəfərə yaxın şəxs Komitənin tibb mərkəzlərinə müraciət edib və hər bir müracət edən insana ən azı 3 tibbi xidmət göstərilib “.

 

O vurğulayıb ki, Komitə Azərbaycanda qarşıya qoyulan hədəflərin təqribən 85 faizinə nail olub.

Daha sonra çıxış edən Komitə rəhbərinin beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verib.

 

M.Məhəmmədifər qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, Ermənistanla müharibə şəraitində olan bir vaxtda ölkədəki vəziyyəti nəzərə alaraq Komitə azərbaycanlı bacı və qardaşların köməyinə gəlməyi özünə borc bildi.

 

O qeyd edib ki, Komitənin Azərbaycandakı fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olundu: “Komitənin Azərbaycanda fəaliyyəti İran ilə Azərbnaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ifadəsi idi və bu dostluq və qardaşlıq bundan sonra da davam edəcək “.

 

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də çıxış edərək Komitənin Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, İmdad Komitəsi Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə fəaliyyət göstərib.

 

Daha sonra çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İmdad Komitəsinin Azərbaycanda fəaliyyətinin müvəqqəti dayandırıldığını diqqətə çatdırıb: “Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq “.

 

Ə.Həsənov əlavə edib ki, Azərbaycanda 80-ə qədər humanitar təşkilat fəaliyyət göstərir: “Lakin bu təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan dövləti bu yükü öz üzərinə götürür “.

 

Sonda Ə.Həsənov Komitənin Azərbaycandakı fəaliyyətinə görə təşəkkürünü bildirib və komitə rəhbərliyinə hədiyyə təqdim edib.

/Trend/