Əlilliyi olanlar 28,9 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlillərə əlavə olaraq 3,1 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Həmin təbəqədən olanların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə bu ilin yanvar-noyabr aylarında onların ümumilikdə 28, 9 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 11 ayında əlilliyi olanlara 908 ədəd əlil arabası, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 221 ədəd ortopedik aparat verilib. Eləcə də qeyd olunanlar 1 258 cüt dirsəkaltı ağac, 657 ədəd dördayaqlı dayaq vasitəsi, 707 cüt qoltuqaltı ağac, 1 870 ədəd əsa, 560 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə məxsus 700 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir edilərək yenidən onların istifadəsinə verilib.

Yanvar-noyabr aylarında protez-ortopedik bərpa xidmətləri göstərilənlərin sayı 12, 2 min nəfərə yaxın olub ki, onlardan 1, 5 min nəfərə yaxını ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar təşkil edib.

Həmin dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 585 nəfər əlilə müxtəlif reabilitasiya xidmətləri göstərilib.

AZƏRTAC