ABŞ İŞİD-ə qarşı xüsusi beynəlxalq koalisiya yaradır

Siyahıda Azərbaycanın da adı var…

Siyahıda Azərbaycanın da adı var.

ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizədə terror planını elan etməyə hazırlaşır. Onun fikrincə, təhlükə birbaşa Amerikaya qarşı yönəlib. Belə ki, ABŞ İŞİD-in tutduğu ərazilərə ordu çıxarmaq, sürətli hücum etməklə qalib gəlmək niyyətindədir.
 
Oxu.Az 
Publika.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar İŞİD təhlükəsinə qarşı beynəlxalq koalisiyanın yaradılması üçün NATO-nun Uels sammitindən müstəvi olaraq da istifadə etdi.

Obama 10 sentyabrda Konqres rəhbərliyinə öz fikirlərini çatdıracaq.
Ağ Evin sahibi Uels sammiti sonrası NBC telekanalına müsahibəsində bildirdi ki, o, amerikalıların təhlükəni anlamasını və qarşısını ala bilmələrini istəyir.

“ABŞ vətəndaşları əmin ola bilərlər ki, biz terrorçuların öhdəsindən gələcəyik”, – deyə Obama vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ kəşfiyyatında bilavasitə təhlükənin mövcudluğu haqqında hələlik hər hansı məlumat yoxdur. Obama amerikalılar üçün əsas təhlükəni İŞİD tərəfindən vuruşan avropalılarda görür – onlar ABŞ ərazisinə maneəsiz daxil ola və terror aktı törədə bilərlər.

Obama çoxdandır ki, İraq üzrə dəqiq strategiyanın qəbulunu gözləyir. O, bu barədə bildirib ki, İŞİD-ə qarşı mübarizə yeni İraq müharibəsi deyil: “Bu, terrora qarşı mübarizədir və biz bunu son 7 ildə daimi olaraq həyata keçiririk”.

İndi ABŞ İraq və kürdlərin peşmərgə güclərinə dəstək verməklə beynəlxalq koalisiya tərkibində havadan hücumlar etmək istəyir.

Obama “Beynəlxalq koalisiyanın tərkibində daxil olaraq biz onların döyüşçülərini dağıdacaq, onların nəzarət etdiyi əraziləri azad edəcəyik və biz qalib gələcəyik” deyə diqqətə çatdırıb.

Lakin ekspertlər bunu ABŞ-ın yeni İraq müharibəsi olaraq dəyərləndirir.

İctimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev hesab edir ki, Vaşinqtonda qanunauyğunluq lazımdır.

“Əslində, amerikalılar İraq üçün deyil, İraq Kürdüstanı üçün vuruşurlar. Əgər zərbələrin endirilməsinə diqqət yetirsək, onlar kürdlərin zərər görməməsinə çalışırlar. Amerikalılardan soruşmaq lazımdır ki, siz Kürdüstanı de-yure olaraq tanımağa hazırlaşırsınızmı? Belə imkan prinsip etibarilə mövcuddur, lakin bu problemə qarşı təkcə İran və Türkiyə çıxmayacaq. Azərbaycan da bunun əleyhinə olacaq. Buna görə ABŞ Yaxın Şərqdə hər şeyi onların siyasətinə bağlamaq istəmir”, – deyə siyasi ekspert vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İŞİD-ə qarşı beynəlxalq koalisiyanın yaradılması ideyasını MKİ direktoru Pol Brennan irəli sürdü. Onun ardınca ABŞ Dövlət katibi Con Kerri NATO-nun Uels sammitində 10 ölkənin adını çəkdi. Bunlar Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Polşa, Türkiyə və Fransadır.

Bu ölkənin xarici işlər nazirləri hələ ki Suriya və İraqa nüfuz etmək üçün ilk növbədə İŞİD-in gəlir mənbələrini aradan qaldırmaq, həmçinin neft ticarətinin qarşısını almaq üçün razılaşdılar.

Qahirədə bazar günü keçirilən Ərəb dövlətləri Liqası ölkələrinin xarici işlər nazirlərinin görüşündə də bu məsələ müzakirəyə çıxarıldı və İŞİD-ə qarşı mübarizə üçün lazımi ölçülərin götürülməsinə razılıq verildi. Onlar BMT-nin İŞİD-ə maliyyə və digər dəstəyi kəsməsi ilə bağlı qərarını dəstəklədiklərini açıqladılar.

Beləliklə, İŞİD-ə qarşı xüsusi beynəlxalq koalisiya yaradılır. Rusiya mediası iddia edir ki, koalisiyaya qatılacaq ölkələr arasında Azərbaycan da var.

Əslində, bu, müəyyən mənada inandırıcıdır. Birincisi ona görə ki, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqlərindəndir. Bunun Əfqanıstanda şahidi olduq. Həmçinin bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində rol alır.

İddialara görə, ABŞ İŞİD-ə qarşı xüsusi əməliyyata sakitcə razılıq verib və bunun üçün koalisiyanın yaradılması üzərində iş gedir. Ehtimallara görə, bu koalisiyanın əsas dayaqlarından biri Türkiyə, dolayısı yolla da Azərbaycan olacaq. Lakin Azərbaycanın daha çox texniki dəstək verəcəyi hesab olunur.

www.oxu.az