Konqresmen Bil Şuster: “Amerika xalqı Azərbaycanın kədərini dərindən hiss edir”…
Konqresmen Bil Şuster: “Amerika xalqı Azərbaycanın kədərini dərindən hiss edir”
Bakı-APA. Fevralın 27-də ABŞ Konqresinin binasında Azərbaycanın Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan) təşkilatçılığı ilə Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Geniş marağa səbəb olmuş anım tədbirində çoxsaylı konqresmenlər, o cümlədən müxtəlif dövlət strukturlarının nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, Vaşinqtonda fəaliyyət göstərən analitik mərkəzlərin mütəxəssisləri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat vermiş və Xocalı kəndində baş vermiş dəhşətli qətliamın heç bir humanizm prinsipinə sığmadığını, insanlıq əleyhinə ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Faciənin günahsız qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğu və bu kimi faciələrin yaşanmaması üçün tezliklə münaqişənin nizamlanmasının labüd olduğunu vurğulayıb.
Daha sonra söz alan ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Pensilvaniya ştatını təmsil edən konqresmen Bil Şuster Azərbaycan xalqının kədərini bölüşdüyünü və bütün hallarda insanlıq əleyhinə cinayətlərin demokratik və humanist dəyərlərlə uzlaşmadığını qeyd edib. Amerika xalqının Azərbaycan xalqının kədərini dərindən hiss etdiyini, oxşar faciə ilə 11 sentyabr 2001-ci ildə üzləşdiklərini əlavə edib.
Florida ştatını təmsil edən xanım İlena Ros-Lehtinen 22 il əvvəl Xocalıda baş vermiş dəhşətli faciənin qurbanlarını dərin hüzn hissi ilə andığını və faciədə yaxınlarını itirmiş ailələrin yanında olduğunu bildirib və faciəni törədənləri kəskin qınadığını vurğulayıb.
Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Ros-Lehtinen artıq özünü etibarlı müttəfiq kimi təsdiq etmiş Azərbaycanın dəstəklənməsinin zəruriliyindən danışıb. İ.Ros-Lehtinen Azərbaycanın İsraillə əməkdaşlığını xüsusi qeyd edib və kifayət qədər həssas qonşuluq şəraitində Azərbaycanın münasibətlərin dərinləşməsi istiqamətində atdığı addımların dəyərləndirilməsinin önəmli olduğunu diqqətə çatdırıb.
ABŞ-ın Texas ştatını təmsil edən konqresmen Ted Po Xocalı faciəsinin əks-sədasının zamandan asılı olmayaraq yayılmasının və xatırlanmasının bu kimi gələcək qətliamların qarşısının alınmasında birgə səylərin gücləndirilməsini şərtləndirdiyini bildirib. Azərbaycan rəhbərliyinin xalqının mənafeyinə uyğun qərarlar qəbul etdiyini bildirən T.Po bu yanaşmanın digər dövlətlər üçün də nümunə olduğunu qeyd edib.
Nyu Meksiko ştatının təmsilçisi xanım Mişel Qrişman 1992-ci ilin 26 fevralında 600-dən çox günahsız insanın ağlasığmaz amansızlıqla qətlə yetirilməsinin çox kədərli olduğunu bildirib və faciə qurbanlarını xüsusi ehtiramla andığını vurğulayıb.
Nyu York ştatından olan xanım İvet Klark Azərbaycanın öz tarixini təbliğ etməsinə, həqiqətləri çatdırmasına ehtiyac olduğunu bildirmiş, qətlə yetirilmiş insanların yaşamaq haqqının əlindən alınmasının ən böyük haqsızlıq və ədalətsizlik olduğunu vurğulayıb.
Azərbaycanda səfərdə olduğunu və inkişaf etməkdə olan demokratik cəmiyyətdə demokratik dəyərlərin kök saldığını və bu səylərin alqışlanmalı və dəstəklənməli olduğunu qeyd edib.
Texas ştatını təmsil edən daha bir konqresmen Henri Kuellar Azərbaycan hökumətinə müxtəlif sahələrdə əməkdaşlığa və ortaq baxışa görə təşəkkürünü bildirib və ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.
Texas ştatından seçilmiş Cin Qrin xüsusilə ABŞ-Azərbaycan-İsrail əlaqələrinin müsbət istiqamətdə inkişafının yeni perspektivlər vəd etdiyini bildirib.
Oklahoma ştatından olan konqresmen Cim Bradenstayn ştatla Azərbaycan arasında hərbi tərəfdaşlıq proqramı çərçivəsində nümunəvi əlaqələrin digər sahələrə də nüfuz etdiyini bildirərək, Azərbaycanın strateji önəmindən, bu xüsusda Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində oynadığı həlledici roldan bəhs edib.
Tədbirdə həmçinin Texas ştatından Pete Olson, Şeyla Cekson Li, Al Qrin, Ralf Hol, Pete Qaleqo, Ohayo ştatından Mayk Törner, Pensilvaniya ştatından Mayk Doyl, Çarli Dent, Virciniya ştatından Cim Moran, Nyu Cersi ştatından Donald Payn ümumilikdə isə 25-dən çox konqresmen iştirak edib.
Tədbirin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş foto-sərgi ilə tanış olmuş və “Xocalıya ədalət” kampaniyası barəsində məlumatlandırılmış və bu kampaniyaya qoşulmağa təşviq ediliblər.
Sonda tanınmış kamança ifaçısı, məşhur San Fransisko Dünya Musiqi Festivalının prodüseri və Qlobal Musiqi bölməsinin direktoru İmamyar Həsənovun ifasında dahi bəstəkarımız Fikrət Əmirovun müəllifi olduğu “Kor ərəbin mahnısı” əsəri səsləndirilib.
/apa/