Ermənistan tərəfi hələ də Ankaranın müraciətinə reaksiya verməyib.
Türkiyədə 1915-ci ildə heç bir “erməni soyqırımı” olmayıb.
Oxu.Az Novosti-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə TRT Haber telekanalına müsahibə verən Ədalət və İnkişaf Partiyasının rəhbərinin müavini Mehmet Ali Şahin bəyan edib.
Onun sözlərinə görə, 1915-ci il hadisələrində Türkiyədə yalnız ermənilər deyil, ərəblər, kürdlər eləcə də türklər həlak olublar.
M.A.Şahin qeyd edib ki, ermənilərin 1915-ci ildə dövlətə qarşı üsyana qalxmalarını və digər xarici işğalçılarla dinc əhaliyə qarşı mübarizə üçün birləşmələrini təsdiqləyən çoxsaylı faktlar var.
“1915-ci ildə yerli əhali özünü ermənilərdən müdafiə etməli idi”, – o deyib.
Bu yaxınlarda Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə əlaqədar müraciət yayıb.
Burada qeyd edilib ki, tarixi hadisələrin əsiri olmaq lazım deyil və müştərək gələcək üçün təməl qurmaq lazımdır.
Eləcə də qeyd edilir ki, 1915-ci il yalnız ermənilər üçün deyil, eləcə də kürdlər, ərəblər və ölkədə yaşayan digər xalqların nümayəndələri üçün də çətin dövr idi.
“Amma 1915-ci ilin hadisələrini Türkiyəyə təsir etmək üçün istifadə etmək mümkün deyil”, – Türkiyə hökumətinin müraciətində deyilir.
Qeyd edilir ki, Türkiyə 1915-ci il hadisələrini tədqiq etmək üçün müştərək tarixi komissiyanın yaradılmasını dəstəklədiyini və o hadisələr zamanı həlak olmuş insanların, o cümlədən də ermənilərin ailələrinə başsağlığı verir.
Müraciətdə qeyd edilir ki, 1915-ci il hadisələri ümumi problemdir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi – Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Ermənilər “soyqırımı” təbliğatını dünya ölkələrində gücləndirərək, bəzi ölkələrin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Türkiyənin Ermənistanla 1915-ci il hadisələrini tədqiq etmək üçün komissiya yaradılması üçün göstərdiyi səylərinə baxmayaraq, Ermənistan tərəfi hələ də Ankaranın bu təklifinə reaksiya verməyib.