Alman deputatın adı Azərbaycan XİN-in “arzuolunmaz şəxslər ” siyahısından çıxarıldı

Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yürgen Klimkenin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər ” siyahısından çıxarılıb…

Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yürgen Klimkenin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər ” siyahısından çıxarılıb.

Trend-in məlumatına görə, Y.Klimkenin adı artıq Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən “arzuolunmaz şəxslər ” siyahısında yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət Sərhədi haqqında ” Azərbaycan Respublikasının Qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər ” siyahısına daxil edilmiş Almaniya Bundestaqının deputatı Y.Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan XİN-ə yazılı şəkildə müraciət etmişdi.

Trend-in məlumatına görə, müraciətində Y.Klimke 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barədə məlumatlı olmadığını qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini bildirmişdi. Y.Klimke gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının “arzuolunmaz şəxslər ” siyahısından çıxarılmasını xahiş etmişdi.

 

/Trend/