Bu gün Bakı vaxtı ilə saat 12-də AŞPA-nın Bürosu Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri ilə bağlı məsələyə baxaraq Avropa Şurasının Sədarət Komitəsinin qərarını təsdiqləyib və bununla bağlı məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib…
Bu gün Bakı vaxtı ilə saat 12-də AŞPA-nın Bürosu Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri ilə bağlı məsələyə baxaraq Avropa Şurasının Sədarət Komitəsinin qərarını təsdiqləyib və bununla bağlı məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məruzəçi sosial komitənin 12 mayda Kiprdə keçiriləcək növbəti iclasında təyin ediləcək.
Qeyd edək ki, bu məruzə 25 il ərzində işğal altında olan Sərsəng su anbarının vəziyyəti, 410000 əhalisi olan 6 cəbhəyanı rayonlara (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Yevlax) vurduğu iqtisadi, ekoloji, bioloji, mənəvi zərər, həmçinin, törədə biləcəyi humanitar fəlakətin nəticələrinə dair ilk məruzə olacaq.
Xatırladaq ki, aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin müzakirə olunması və müsbət qərarı barədə məlumat verilmişdi.
Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri buna qədər 2 dəfə erməni lobbisinin səyləri nəticəsində bu mərhələni adlaya bilməmişdi. Sədarət Komitəsi Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsini AŞPA-nın sosial komitəsində baxılması və məruzəçinin təyin edilməsi barədə qərar qəbul edəndən sonra prosedur qaydalarına görə, məsələyə AŞPA-nın Bürosunda baxılmalı idi.