Astanada Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçirilib

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlyi tərəfindən bazar ertəsi L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın qazaxıstandakı səfirliyindən məlumat verilib…

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlyi tərəfindən bazar ertəsi L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın qazaxıstandakı səfirliyindən məlumat verilib. Mərasimdə Qazaxıstan siyasi, ictimai, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının fəalları və yerli mətbuat orqanlarının nümayəndələri iştirak etmişdir.

Mərasimi giriş sözü ilə səfir Zakir Həşimov açmış və iştirakçıları soyqırım qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Həşimov çıxışında bildirmişdir ki, Xocalı soyqırımı məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz siyasi qiymətini almışdır. O, çıxışında Azərbaycan xalqının öz şəhidlərini heç zaman unutmayacağını, əziz ruhlarını hər zaman yad edəcəyini vurğulamış və Prezident cənab İlham Əliyevin uzaq görən xarici siyasəti sayəsində nüfuzlu beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Xocalı faciəsini məhz soyqırım aktı kimi tanıdığını qeyd etmişdir.

Bundan sonra iştirakçıların nəzərinə Xocalı faciəsini əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilmişdir. Qeyd etmək istəyirik ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və anma mərasimi ərəfəsində Astanaya göndərilmiş fotoşəkillər həm L.Qumilyov adına Avrasiya Milli Universitetində, həm də Qazaxıstan İqtisadiyyat, maliyyə və beynəlxalq ticarət universitetində stend şəklində nümayiş etdirilmişdir. Müzakirələrdə Qazaxıstan tərəfindən “Nur Otan ” partiyasının fəallarından Kazbek Kaskenov, AMU-nun beynəlxalq münasibətlər fakultəsinin dekanı Baubek Somjurek, həmin fakultənin dosenti Aygerim Turxanova, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin sədri Ashad Şakirov və “Heydər ” Respublika Gənclər Təşkilatının sədri Bəhruz Axundov çıxış edərək, faciəyə səbəb olan bütün günahkarların cəzalandırılmasını bildirmişlər. Sonda bir daha səfir çıxış edərək, iştirakçılara öz təşəkkürünü bildirmişdir.

 

/Trend/