Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmaq ATƏT regionunda ən mürəkkəb problemlərdən biridir…
Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmaq ATƏT regionunda ən mürəkkəb problemlərdən biridir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in 2013-cü il üçün illik hesabatında qeyd olunub. Məlumatı ATƏT-in rəsmi saytı yayıb.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmayıb:
“Dağlıq Qarabağ münaqişəsi mürəkkəb məsələlərdən biri olub. Təşkilatın sədrliyi Minsk qrupunun həmsədrlərinin bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi istiqamətində fəaliyyətini dəstəkləyib “.
ATƏT-in illik hesabatında qeyd olunur ki, 1994-cü ildə atəşkəsin elan edilməsinə baxmayaraq, bu ərazidə atışmalar tez-tez baş verir və atəşkəs rejiminin pozulması demək olar ki, gündəlik müşahidə olunur. Təşkilatın hesabatında qeyd olunub ki, 2013-cü ildə beş mülki şəxs və 32 əsgər yaralanıb, 14 əsgər isə öldürülüb. Həmin dövrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası 16 dəfə təmas xəttinə və 9 dəfə sərhədə baş çəkib.
Hesabatda həmçinin deyilir ki, 2013-cü ildə Ukraynanın ATƏT-də sədrliyi çərçivəsində təşkilat əsas diqqəti uzunmüddətli münaqişələrin həllinə və “Helsinki+40 ” prosesinin irəlilədilməsinə yönəldib.
Hesabatda qeyd olunub ki, ATƏT-in Parlament Assambleyası müxtəlif ölkələrə 7 seçki müşahidə missiyası göndərib ki, həmin ölkələrdən biri də Azərbaycandır.
Təşkilatın hesabatında həmçinin vurğulanıb ki, ATƏT-in Daimi Şurasının qərarına əsasən, təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib və ofis layihələrin əlaqələndiricisi statusu alıb.
Hesabatda qeyd olunub ki, ofis məişət zorakılığında Azərbaycana dəstək səylərini davam etdirib. 2013-cü ildə Bakı ofisinə təşkilatın ümumi büdcəsinin 2 faizi – 2,830 milyon avro vəsait ayrılıb.
/Trend/