ATƏT sədri: “Yerevan və Bakı arasında yüksək səviyyəli dialoqun artım tempini müşahidə edirik”

“Uzun müddət davam edən münaqişənin həlli regional kontekstdə sabitlik, aktiv dialoq və cəmiyyətin irəliyə doğru addım atmağa hazır olmasını tələb edən çətin məsələdir”.

Bunu “Report”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edərkən deyib.

“Son zamanlar müəyyən irəliləyişlərin əlamətlərini görürük və bu mövzuda ehtiyatlı optimist fikirdəyik. Təmas xətti və dövlət sərhədi boyunca zorakılıq qurbanlarının sayı azalıb. Rəsmi Yerevan və Bakı arasında yüksək səviyyəli dialoqun artım tempini müşahidə edirik. Bu hadisələrin nəticəsi isə ATƏT regionunda sabitliyin artmasıdır”, – təşkilatın sədri bildirib.

M.Layçak vurğulayıb ki, Slovakiyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dinc şəkildə və davamlı həllinə dəstək verməyə sadiqdir.

Report