Fevralın 11-də Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət “Azərbaycan: Sülh Yurdu” adlı sərgi keçirilib…
Fevralın 11-də Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət “Azərbaycan: Sülh Yurdu” adlı sərgi keçirilib.
Açılış kokteyli Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçika ofisi və Avropa Parlamentinin Yunanıstandan olan deputatı Niki Tzavela tərəfindən təşkil olunub.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, açılış mərasimində 400-dən çox qonaq – Avropa Parlamentinin deputatları, Avropa Şurasının üzvləri, diplomatlar, Avropa Parlamenti tədqiqatçıları və jurnalistlər iştirak edib. Avropa Parlamentinin İtaliyadan olan deputatı Fiorello Provera bildirib: “Mən bu unikal və gözəl sərgidə sizin hamınızı salamlayıram. Bu sərgi çoxlarınıza getdikcə avropalaşan Azərbaycanı təqdim edəcək. Dekabr ayında Avropa Birliyi və Azərbaycan Əməkdaşlıq Şurası çərçivəsində siyasi dialoq, enerji, siyasət, ticarət, investisiya və mədəni əməkdaşlıq sahələrində mühüm sazişlər imzalayıb. Azərbaycan və AB əsasən enerji məsələlərində daha da yaxınlaşır və mənim ölkəm İtaliya artıq Azərbaycanın əhəmiyyətli bir tərəfdaşı olub. Lakin ölkə yalnız neft və qaz mənbəyi kimi qiymətləndirilməməlidir. Siz həmçinin görəcəksiniz ki, Azərbaycan gözəl landşaftı, dağları və şəhərləri olan maraqlı tarixi bir torpaqdır. Xanım Tzavela Azərbaycanın sülhpərvərliyini və tolerantlığını nümayiş etdirmək üçün öz sərgisini təşkil edib və bu, fotoların əksəriyyətində açıq-aydın görünür. Siz görəcəksiniz ki, Azərbaycan bir çox din və irqlərin vətənidir və Şərq və Qərb arasında körpüdür – bir sözlə, sülh torpağıdır”.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı, eləcə də AB-dəki səfiri Fuad İsgəndərov çıxışında deyib ki, Azərbaycanı Avropa Parlamentinin üzvlərinə və digər dostlara təqdim etməkdən qürur duyur: “2013-cü ilin dekabr ayında Azərbaycan hökuməti və BP-nin rəhbərlik etdiyi “Şahdəniz” konsorsiumu arasında Cənub Qaz Dəhlizinin tikintisini reallığa çevirəcək yekun investisiya qərarı imzalandı. Növbəti illərdə Azərbaycan qazı dünyada ən bahalı infrastruktur vasitəsilə Avropaya göndəriləcək. Cənub Dəhlizinin inkişafı AB istehlakçıları üçün qazın qiymətini aşağı salacaq. Azərbaycan və AB ölkələri Avropa xalqları ilə birgə inteqrasiyaya yönələn bir çox ortaq dəyərləri bölüşür. Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə və 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı 613 kişi, qadın və uşağın qətlə yetirilməsinə baxmayaraq, Azərbaycan öz sabitliyini qoruyub və inkişaf edib. Azərbaycan bir çox ölkələrlə çox yaxşı münasibətlərə malikdir və bu konfliktin sülh yolu ilə həllinə çalışır”.
Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycanın millət vəkili Asim Mollazadə də tədbirdə çıxış edib. O bəyan edib ki, Avropa Azərbaycan üçün mühüm bir məkandır: “Biz AB ilə demokratiya, insan hüquqları və qanunun aliliyi bağlı ümumi dəyərlərə sahibik. Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də erməni işğalı altındadır. Xocalı faciəsi səbəbindən fevral Azərbaycan xalqı üçün çox ağır aydır. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı perspektivləri dəstəklənir. Biz AB-nin bu münaqişəyə diqqət yetirəcəyinə və ədalətli həllinə çalışacağına ümid edirik. Azərbaycan həmişə Qərbə doğru istiqamətlənib və regionda Şərqlə Qərbin mədəniyyətini birləşdirən ilk ölkədir. Azərbaycan “qara qızıl”dan əldə etdiyi gəlirlərini insan kapitalından əldə etdiyi gəlirlərlə əvəz etməlidir və tam olaraq Avropa dəyərlərinə uyğunlaşmalıdır”.
İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi üzrə nümayəndəsi, səfir Arif Məmmədov da sərgidə çıxış edib: “Mən bu sərgini gəzərkən buradakı rənglər məni heyran etdi. Buna baxmayaraq, rənglər dünyamızı bütünlükdə doldurmur – qara və ağ rənglər qaçılmazdır və adətən əzablar qara və ağ rənglərdə göstərilir. Əzab çəkənləri tanımaq lazımdır və etnik təmizləmənin digər nümunələri ilə yanaşı, Xocalı qətliamı yad edilməlidir”.
Tədbirdə çıxış edən AAC Brüssel ofisinin rəhbəri Roman Huna bildirib ki, bu şəkillər Azərbaycan mentalitetinin, adət-ənənələrinin və dəyərlərinin qaçılmaz bir elementi olan sülhü təcəssüm edir: “1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi olduqca dəhşətli bir hadisədir və bu sərgi bizə faciə qurbanlarını yenidən xatırlamağa kömək etdi”.
Tədbir azərbaycanlı skripka ifaçısı, Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Nyu Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu Sabina Rakçeyeva və “Deco” ansamblı tərəfindən argentinalı bəstəkar Astor Piazzolla və Azərbaycanın məşhur bəstəkarı Vaqif Mustafazadənin əsərlərinin və Azərbaycan milli musiqisinin ifası ilə yekunlaşıb.
/Apa/