Avropa Şurasının baş katibi: Dağlıq Qarabağ Avropada həllini tapmamış münaqişələrdən biridir

Dağlıq Qarabağ münaqişəsi Avropada həllini tapmamış münaqişələrdən biridir…

Dağlıq Qarabağ münaqişəsi Avropada həllini tapmamış münaqişələrdən biridir. Trend-in məlumatına görə, bu fikirləri yanvarın 28-də günün ikinci yarısında öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilər qarşısında çıxış etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun ona verdiyi suala cavabında deyib.

 

Qeyd edək ki, T.Yaqland AŞ PA-nın qış sessiyası çərçivəsində parlamentarilər qarşısında hesabat səciyyəli çıxış edib, görülmüş işlər barədə məlumat verib. Daha sonra baş katib Assambeya üzvlərinin ona ünvanladığı sualları cavablandırıb.

 

Azərbaycan nümayəndə heyətinin üzvü R.Hüseynov Avropa Şurasının Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü məsələsinin həllində göstərməli olduğu daha ciddi səyləri bir daha diqqətə çatdıraraq soruşub:

 

“Siz dünyanın ən mötəbər siyasi təşkilatlarından birinin baş katibisiniz. Mən “yaxanı kənara çəkmək ” taktikası olan belə yanaşmanı qəbul etmirəm ki, guya bu problemlə ATƏT-in Minsk qrupu məşğul olur və Avropa Şurası passiv müşahidəçi kimi kənarda qalmalıdır. Tarixə, eləcə də həm sizin bioqrafiyanıza, həm də Avropa Şurasının tərcümeyi-halına bu fakt yazılır ki, rəhbəri olduğunuz Avropa Şurasının üzv dövləti olan Ermənistan digər üzv dövlətin – Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam etdi və siz bu problemin həlli üçün konkret heç bir iş görə billmədiniz. Bunun tarixi məsuliyyətinin fərqindəsinizmi? “

 

T.Yaqland cavabında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Avropada həllini tapmamış münaqişələrdən biridir:

 

“Dağlıq Qarabağ münaqiəsi Avropada həllini tapmamış münaqişələrdən biridir. Biz Avropa Şurasında bu münaqişənin həllinə cəhd etmək üçün həyata keçirilən prosesə söykənməliyik. Bu münaqişədə tərəf olmaq daha çox qarışıqlıq riski yaradar və bizi münaqişənin həllindən uzaqlaşdıra bilər. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğuldur. Münaqişə tərəflərindən heç biri bizi nəsə bir şey etməyə dəvət etməyib. Biz dilemma qarşısındayıq. Avropada öz dəyər və vasitələrimizi tətbiq edə bilmədiyimiz bu “qara dəlik ” var. Bundan əlavə, Avropada Konvensiyanın işləmədiyi bu tip digər “qara dəlik “lər də var. Bu böyük bir dilemmadır. Biz özümüzü zorla məcbur edə bilmərik. Biz yalnız tərəflər bizə müraciət etdikdə işləyə bilərik. Əgər onlar bunu arzu edərlərsə və Avropada digər böyük aktorlar bunu arzu edərlərsə, biz bunu edə bilərik “.

/Trend/