“Bizə peşəkar sürücü lazımdır”…
“Bizə peşəkar sürücü lazımdır”.
Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq. Yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcəklər.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
N.Həsənov qeyd edib ki, imtahanlar həm də kadr bankı yaradılmasına imkan verəcək:
“Vakansiyalar olan kimi sürücülük bazasından yararlanıb kurslarda kateqoriya alan sürücülər işlə təmin olunacaqlar”.
Katiblik rəisi deyib ki, yeni qaydaları tətbiq etmək üçün artıq nazirlik tərəfindən müəyyən addımlar atılıb:
“İndi sürücülərin hazırlanması üçün Dərnəgül şossesində tədris kurs kombinatı fəaliyyət göstərir. Sürücü olmaq istəyən şəxslər orada müvafiq kurslar keçərək müəyyən kateqoriyaları almaq üçün imtahan verəcəklər. Yeni qaydaların tətbiqindən sonra sürücülər “Avtomobil nəqliyyatı qaydaları haqqında” Qanunun tələb etdiyi müddəalar əsasında seçiləcəklər”.
Avtobus sürücüsü işləmək üçün tələb olunan şərtlər də açıqlanıb:
“Bizim yaşı 21-dən aşağı olmayan, 3 il sürücülük təcrübəsi olan “D” kateqoriyalı peşəkar sürücülərə ehtiyacımız var. Buna görə onlar müraciət edə bilərlər”.
N.Həsənov bildirib ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya Oyunları ilə bağlı ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dili kursları da təşkil ediləcək.
/Oxu.az/