Azərbaycan istehsal etdiyi silah və sursatları Malayziyada nümayiş etdirir

Beynəlxalq sərgidə 50 ölkə iştirak edir…

 

Beynəlxalq sərgidə 50 ölkə iştirak edir.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Putra World Trade Cener sərgi mərkəzində Asiya 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı (DSA-2104) başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 50 ölkədən 1000-dən artıq istehsalçı şirkətin və təşkilatın qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ayrıca stendlə təmsil olunur.

DSA-2014 sərgisi Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseynin hamiliyi altında keçirilir. Sərgidə 27 min ziyarətçi iştirakını təsdiqləyib.

Dünyanın ən böyük beş müdafiə sərgisindən biri olan DSA-da bu il postsovet regionundan Rusiya, Ukrayna, Belarus və Azərbaycan müdafiə sənayesi təmsil olunur.

Azərbaycandan sərgiyə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti qatılıb. Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də sərgini ziyarət edib.

MSN stendində Azərbaycanın müdafiə sənayesi müəssisələrində istehsal edilmiş 132 adda məlumat əyani şəkildə və ya broşür şəklində təqdim olunur. Nazirlik əyani şəkildə 14.5 mm çaplı “İstiqlal” snayper tüfənginin təkmilləşdirilmiş versiyası olan “İstiqlal-T” 12.7 mm çaplı “Mübariz”, 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngini, tank pulemyotu, HP-7.62 hücum pulemyotu, ilk dəfə olaraq yerli mühəndislər tərəfindən hazırlanmış universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” adlı tapança modelləri, pilotsuz uçuş aparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, bədən zirehi, əleyhqaz və s. sərgiləyir.

MSN stendində eyni zamanda sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı keçirilir.

Sərginin açılışından sonra Azərbaycan stendinə müxtəlif ölkələrdən çox sayda hərbçi və hərbi şirkətlərin nümayəndələri baş çəkib. Müdafiə sənayesi naziri Yavər Camalovla Türkiyənin Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kıılınclar arasında görüş olub. Daha sonra MSN mütəxəssisləri tərəfindən M.Kılınclara Azərbaycanın istehsalı olan silah və döyüş sursatları barədə geniş məlumat verilib.

Sərgi çərçivəsində sabah müdafiə sənayesi naziri Yavər Camalovun Malayziyanın müdafiə naziri ilə görüşü planlaşdırılır.

 

/Oxu.az/