Azərbaycan prezidentinin İrana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dörd sənəd imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib…

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

 

APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İİR Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qubəzi imza atıb.

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi və İran Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb. Sənədi Elmar Məmmədyarov və İran daxili işlər naziri Əbdülrza Rəhmani imzalayıb.

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri ilə bağlı əməkdaşlıq haqda anlaşma memorandumu da imzalanıb. Sənədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və İranın yol və şəhərsalma naziri Abbas Axundi imza atıb.

 

Daha sonra Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çiçian imzalayıblar.

 

Sənədlərin imzalanması mərasimindən əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev İİR prezidenti Həsən Ruhani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

 

Səfər davam edir. 

 

/Apa/