Azərbaycanda iki regional aeroport – “Lənkəran ” və “Zaqatala ” hava limanları beynəlxalq status alıb…
Azərbaycanda iki regional aeroport – “Lənkəran ” və “Zaqatala ” hava limanları beynəlxalq status alıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları ” QSC-nin Nizamnamə və strukturuna dəyişikliklər edilməsi haqqında qərarında deyilir.
Azərbaycan hökumətinin qərarına uyğun olaraq, “Qəbələ ” beynəlxalq aeroportu QSC-nin strukturuna daxil edilib.
Bundan başqa, qərara əsasən, “Azərbaycan Hava Yolları “na Sərnişin Aviasiya Şirkəti də daxil edilib. Öz növbəsində, QSC-nin Hava Gəmilərinə Texniki Xidmət İdarəsi və İstehsalat-Təsərrüfat İdarəsi ləğv edilib.
QSC-nin tərkibinə “Azərbaycan Hava Yolları ” Yük Aviasiya Şirkəti; “Azalhelikopter ” Bakı Aviasiya Şirkəti; “Azalaqro ” Yevlax Aviasiya Şirkəti; Milli Aviasiya Akademiyası; Heydər Əliyev Beynəlxalq Hava Limanı; “Gəncə ” Beynəlxalq Hava Limanı; “Naxçıvan ” Beynəlxalq Hava Limanı;. “Lənkəran ” Hava Limanı; “Zaqatala ” Hava Limanı; “Azəraeronaviqasiya ” Hava Hərəkəti İdarəsi; Aviasiya Təhlükəsizlik İdarəsi; “AzalOil ” Yanacaq-Sürtgü Materialları İdarəsi; Beynəlxalq Kommersiya İdarəsi və filial və nümayəndəliklər daxildir.
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalı 784 974 470 manatdır və səhmlərinin nominal dəyərindən təşkil olunur (nominal dəyəri 2 manat olan 392487235 ədəd adi səhm).
/Trend/