Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Onların 14 nəfəri Azərbaycan, 9-u Özbəkistan, 2-si İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i isə Qana vətəndaşı olub…

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Onların 14 nəfəri Azərbaycan, 9-u Özbəkistan, 2-si İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i isə Qana vətəndaşı olub.

DSX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kq barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 kater, 1 qayıq, 232 mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynyzlu qaramal, müxtəlif dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.

 

 

Trend.az