Rəsmi Bakı bu münaqişəyə bitərəfliyini qoruyub saxlamağa çalışır…
Rəsmi Bakı bu münaqişəyə bitərəfliyini qoruyub saxlamağa çalışır.
Rusiya Krımı işğal etdiyi, qoşunlarını Ukraynanın şərq sərhədlərinə doğru yönləndirdiyi bir vaxtda Kiyevin yeni hakimiyyəti və onun qərbi partnyorları cavab verməyə tələsmirlər.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, amerikan KİV-in məlumatına görə, ABŞ, Nato ölkələri və Azərbaycan ilə Ukrayna ərazisində hərbi manevrlər keçirməyə hazırlaşır.
Avropada cəmlənmiş amerikan qoşunları bu ilin yayında iki hərbi təlim keçirməyi planlayırdı. Onlardan biri Rusiya ərazisində, ikincisi isə Qərbi Ukraynada olmalı idi. Amma Rusiyanın Krım ərazisini işğal etməyə başladıqdan sonra Pentaqon ruslarla əməkdaşlığı dayandırıb.
ABŞ HHQ polkovniki Devid Vestover bəyan edib ki, Çelyabinskdə keçiriləcək “Atlas Vision 2014” hərbi təlimləri ləğv edilib. Bununla yanaşı, “Rapid Trident 2014” hərbi təlimlərinə hazırlıq davam edir.
Avropada yerləşən amerikan qoşunlarının komandanlığı tərəfindən təşkil edilən bu təlimlər Polşa ilə sərhəddə Lvov vilayətində keçiriləcək.
Polkovnik Devid Vestoverin sözlərinə görə, təlimlərdə amerikan qoşunlarından başqa Azərbaycan, Bolqariya, Kanada, Gürcüstan, Almaniya, Moldova, Ermənistan, Polşa və Ukraynanın da qoşunları iştirak edəcək.
Nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti Ukraynadakı böhrana çox ehtiyatla yanaşır, ola bilər ki, bu təlimlərdə Azərbaycan qoşunlarının iştirakı məsələsinə yenidən baxılsın. Baxmayaraq ki, Ukrayna Azərbaycanın strateji əməkdaşıdır, rəsmi Bakı bu münaqişədə neytrallığını qoruyub saxlamağa çalışır.