Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel arasında tanışlıq görüşü olub…
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel arasında tanışlıq görüşü olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər, sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edən uğurlu islahatlar barədə məlumat verib. Nazir respublikamızda sosial rifah halının yüksəldilməsini, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluğun kəskin şəkildə azalmasını ifadə edən göstəriciləri diqqətə çatdıraraq, “Azərbaycan 2020: gələcəyə baxış ” İnkişaf Konsepsiyasında əmək və sosial müdafiə sahəsində qarşıda duran məqsədlər barədə də səfiri məlumatlandırıb.
Respublikada geniş vüsət alan müasir dövlət quruculuğu prosesinə uyğun olaraq əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, fəaliyyət sahələrində şəffaflıq prinsipinin və səmərəli iş üsullarının tətbiqi məqsədilə müvafiq işlərin aparıldığını qeyd edən nazir görülən işlərdə beynəlxalq əməkdaşlıq şəraitində ayrı-ayrı ölkələrlə, o cümlədən Almaniya ilə qarşılıqlı əlaqələrə xüsusi önəm verildiyini bildirib. Nazirliyin fəaliyyətinin demək olar ki, əksər sahələrində Almaniyanın müvafiq dövlət orqanı ilə əməkdaşlıq həyata keçirildiyini bildirən S.Müslümov xüsusən pensiya islahatları, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və digər sahələrdə həyata keçirilən əməkdaşlığın, Əməyin Mühafizəsi və Sağlamlığı üzrə Drezden Akademiyası ilə yaradılmış işgüzar əlaqələrin və s. ölkəmizdə aidiyyəti üzrə islahatların aparılmasında mühüm önəm kəsb etdiyini vurğulayıb.
Nazir əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya sahələrində Almaniya təcrübəsinin öyrənilməsinin, Azərbaycandan olan əlillərin xaricdə bərpa müalicəsi işinin bir sıra ölkələr kimi, Almaniyada da həyata keçirilməsinin, əlil arabasında olan əlillər üçün Almaniyada xüsusi nəqliyyat vasitələri hazırlanmasının qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlıq sahələri kimi önəmli ola biləcəyini diqqətə çatdırıb.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafının onda heyranlıq doğurduğunu bildirən səfir H.Tempel iki ölkə arasında əlaqələrin daim inkişafda olduğu şəraitdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Səfir diplomatik fəaliyyəti müddətində bu əlaqələrin, eyni zamanda, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə səylər göstərəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Almaniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
/Trend/