Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası fevralın 26-da Tokioda keçiriləcək…
Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası fevralın 26-da Tokioda keçiriləcək. Bunu cümə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər.
Azərbaycan tərəfindən hökumətlərarası komissiyanın sədri Baş nazirin müavini Abid Şərifovdur.
RİTN-dən deyiblər ki, nazirliyi iclasda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edəcək.
Azərbaycan hökumətinin nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələri üzrə Yaponiya ilə əməkdaşlığın perspektivlərini, o cümlədən İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Yaponiya şirkətləri indiyədək əsasən enerji sektorundakı layihələrdə iştirak ediblər, lakin son illər onların neft-kimya, neft-qaz emalı, tibb, kosmik sənaye və s. sahələrə marağı artıb.
Nazirlikdən verilən məlumata əsasən, Azərbaycan Yaponiya ilə yüksək texnologiyalar, gələcəkdə regional bazarlara çıxarmaqla innovasiya məhsullarının istehsalı sahəsində əməkdaşlığı nəzərdən keçirir.
Qeyd edək ki, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 310,92 milyon dollar olub.
/Trend/