“Statoil ” şirkəti neft dağılmalarının idarə olunması sahəsində böyük təcrübəyə malikdir və onu Azərbaycanla bölüşməyə hazırdır…
“Statoil ” şirkəti neft dağılmalarının idarə olunması sahəsində böyük təcrübəyə malikdir və onu Azərbaycanla bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bunu çərçənbə axşamı Bakıda Azərbaycan FHN-in və “Statoil Azerbaijan ” şirkətinin təşəbbüsü ilə “Neft dağılmalarına cavab hərəkəti ” mövzusunda keçirilən seminarda “Statoil Azerbaijan ” şirkətinin əmək təhlükəsizliyi, sağlamlıq və ətraf mühit üzrə meneceri Şapur Sotodemaneş bildirib.
O deyib: “Biz bu seminarın neft dağılmalarının qarşısının alınması üzrə Azərbaycan dövlətinin layihəsinə töhfə verəcəyinə inanırıq “.
Menecerin sözlərinə görə, dağılmaların yarandığı zaman mühüm aspekt onların aradan qaldırılması işində müvafiq tərəflərin rollarının dəqiq müəyyən edilməsidir.
“Statoil Azerbaijan “ın meneceri onu da bildirib ki, neft dağılmalarının qarşısının alınması üzrə tədbirlərə hazırlıq Xəzər dənizində bu sahədə təhlükəsizliyin təmin olunmasında mühüm məsələdir.
Azərbaycanın fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, Xəzər dənizi təbii resurslarla zəngindir, dəniz neft məhsullarının ixracının tranzit marşrutu kimi çıxış edir: “Hasilat ildən-ilə artır, yeni quyular istismara verilir, tranzit artır. Bunların hamısı bütün Xəzəryanı ölkələr tərəfindən Xəzərdə təhlükəsizliyin təmin olunması məsələsini vacib edir. Norveç neft dağılmaları probleminin aradan qaldırılmasında zəngin təcrübəyə malikdir. Biz bunun bütün seminar iştirakçılarını maraqlandıracağına ümid edirik “.
Seminarın işində respublikanın neft sahəsi üzrə çalışan bəzi dövlət strukturları və şirkətlərinin nümayəndələri iştirak edir. Seminar çərçivəsində müzakirələrin mövzusu Şimal dənizinin akvatoriyasında “Statoil ” şirkəti tərəfindən istifadə olunan neft dağılmalarının qarşısının alnması təcrübəsinin Xəzərdə tətbiqi məsələsidir. /Trend/