Azərbaycanda bir qrup şəxs dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edir

Azərbaycanda dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslər var. Bunlar “Yehovanın şahidləri ” dini icmasının üzvü olduqlarını deyən gənclərdir…

Azərbaycanda dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslər var. Bunlar “Yehovanın şahidləri ” dini icmasının üzvü olduqlarını deyən gənclərdir.

Hüquq-mühafizə orqanlarındakı adının çəkilməsini istəməyən mənbənin Trend-ə verdiyi məlumata görə, əvvəlki illərdə də “Yehovanın şahidləri ” dini icmasının nümayəndələrinin Azərbaycanda hərbi xidmətdən yayınması hallarına ara-sıra rast gəlinirdi. Lakin həqiqi hərbi xidmətə 2014-cü ilin yanvar çağırışı dövründə bu, özünün kulminasiya həddinə çatıb. Belə ki, bu dəfə Bakı ilə yanaşı regionlar da daxil olmaqla, “Yehovanın şahidləri ” icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina edib.

Belə faktların mövcudluğunu Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də təsdiqləyiblər.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakıdakı “Yehovanın şahidləri ” dini icmasının nümayəndəsi Kirill Aleksandroviç Stepanov bildirib ki, onlar irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar: “Biz inanırıq ki, Bibliya (İncil) Allahın ilhamlandırılmış sözüdür. İsa öz davamçıları ilə bağlı İohanın İncildə 17-ci fəsil, 14-cü şeirdə yazılmış sözlərini deyib: “… onlar mənim kimi dünyadan deyillər “. Bu göstərişə tabe olaraq, “Yehovanın şahidləri ” irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar. Həmçinin biz hökumətin yürütdüyü siyasətə qarşı etiraz etmək üçün keçirilən vətəndaş itaətsizliyi aktlarında iştirak etmirik. Bizim üçün qan tökülməsi və ya zorakılığın başqa növlərində iştirak etmək yolverilməzdir. “Yehovanın şahidləri ” bütün dünyada baş verən münaqişə və müharibələrdə tamamilə neytral qalırlar “.

K.Stepanov bildirib ki, “Din və müharibə haqqında ensiklopediya “da ( “Encyclopedia of Religion and War “) deyilir: “İsanın ilk davamçıları müharibədə və hərbi xidmətdə iştirakdan imtina edirdilər. Qətl İsanın öz düşmənlərinə sevgi haqqında təliminə zidd idi “.

Onun sözlərinə görə, Bibliyanın vicdanla bağlı təliminə əsasən, hər bir Yehova şahidi hərbi xidmət keçib-keçməməsi ilə bağlı özü qərar qəbul edir. Heç kim başqası üçün qərar qəbul edə bilməz: “Yehova şahidləri ” dini icmasının Nizamnaməsində hərbi xidmət keçməklə bağlı məsələ barədə xatırladılmır. “Yehova şahidləri ” hərbi əməliyyatlara etiraz etmirlər və hərbi xidmət keçmək istəyənlərə öz baxışlarını zorla qəbul etdirmirlər. Biz Bibliyada, İsa peyğəmbərin kitabında 2-ci fəsildə, 4-cü şeirdə yazılmış yaxşı tanınan peyğəmbərliyə inanırıq və onun “Onlar öz qılınclarını bağ bıçaqlarına və nizələri gavahınlara dəyişəcəklər. Xalq xalqa qılınc qaldırmayacaq və daha vuruşmağı öyrənməyəcəklər ” sözlərinin yerinə yetirilməsində iştirak etmək istəyirik “.

Dini icmanın nümayəndəsi qeyd edib ki, “Yehovanın şahidləri ” adətən hərbçilərin nəzarəti altında olmayan alternativ xidmət keçməyə razılaşırlar: “Azərbaycan Respublikasında dini etiqadları onlara hərbi xidmət keçməyə icazə verməyən vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 76.2-ci maddəsi ilə zəmanət verilir: “Əgər həqiqi hərbi xidmətin icra edilməsi vətəndaşların inamlarına zidd olarsa, onda qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsinə yol verilir “. 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasının üzvü olub və bu beynəlxalq qurumun üzvü olmaqla dövlət beynəlxalq ictimaiyyət qarşısında öz üzərinə müxtəlif öhdəliklər götürüb “.

Onun sözlərinə görə, məsələn, Avropa Şurası Parlamentinin 2000-ci il 28 iyun tarixli 222 saylı Hesabatının 14-cü abzasında Azərbaycan dövləti tərəfindən daxil olan məktubdan sitat gətirilir. Azərbaycan tərəfindən təqdim edilmiş bu məktubda Azərbaycan Respublikası 2 il ərzində Avropa standartlarına uyğun gələn alternativ mülki xidmət haqqında qanun qəbul etmək öhdəliyi qəbul edib: “Bu iki illik müddət 2003-cü ildə başa çatıb. Lakin təəssüf ki, alternativ xidmət haqqında qanun indiyədək qəbul edilməyib. Son iki il yarım ərzində Avropa İnsan Haqları Məhkəməsi əsas vətəndaş hüquqlarını, o cümlədən “Yehovanın şahidləri “nin dini etiqadlarına görə orduda xidmətdən imtina etmək hüquqlarını dəfələrlə təsdiqləyib “.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Orxan Əli Trend-ə bildirib ki, “Yehovanın şahidləri ” dini icması vaxtilə Ədliyyə Nazirliyi tərəfindən ilkin qeydiyyatdan keçdiyi üçün onun Bakı şəhəri ərazisində fəaliyyəti qanuni hesab edilir: “Lakin onlar Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməyiblər. “Dini etiqad azadlığı haqqında ” Qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilərlər “.

O.Əli deyib ki, “Yehova şahidləri “nin hərbi xidmətdən yayınmasına gəlincə, bu yəqin ki, onların öz aralarında olan əqidə məsələsindən qaynaqlanır və DQİDK sözçüsünün fikrincə, bu, yolverilməzdir: “Hamımız bilirik ki, hazırda Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Müharibə şəraitində olan ölkədə belə fikirlərin formalaşması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin (Vətəni müdafiə) II bəndindən əvvəl, I bənd var. Orada isə qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidirlər “.

O, həmçinin qeyd edib ki, bu vaxta kimi DQİDK ilə “Yehova şahidləri ” dini icması arasında bir neçə məhkəmə çəkişməsi olub ki, bunlar da dini ədəbiyyatların Azərbaycana idxalı ilə bağlıdır: “Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan və ölkədə çap olunan dini məzmunlu kitabların ekspertizasını həyata keçirir. Əgər həmin kitablarda dini, milli, irqi ayrı-seçkilik və nifrət yaradacaq hallar aşkar olunarsa, o kitablar ölkəyə buraxılmır. “Yehova şahidləri “nə aid müəyyən kitablarda da bu cür hallar aşkarlandığı üçün onlar ölkəyə buraxılmayıb. Bununla bağlı bir neçə məhkəmə prosesi olub və bütün proseslərdə Dövlət Komitəsinin haqlı olduğu barədə qərar qəbul edilib “.

Qeyd edək ki, indiyə qədər “Yehovanın şahidləri ” dini icmasından başqa heç bir qurum DQİDK-nı məhkəməyə verməyib.

Məsələyə İslam dini baxımından yanaşmanı izah edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev Trend-ə bildirib ki, İslam dini Vətəni, torpağı, milləti, dövləti, namusu, ailəni qorumağı önə çəkir və yeri gələrsə, hamı bunlar üçün canını da fəda etməlidir: “İslam dini xalqlar və millətlər arasında müharibənin olmasını istəmir, amma belə bir yanaşma var ki, sənə qarşı hücum varsa, müdafiə olunmalısan. Müdafiə olunanda isə təcavüzkarla vuruşmalısan. Hərbi xidmətə gəlincə, Vətənə hərbi xidmətin edilməsi çox bəyənilir. İslamda Vətənin keşiyində durmaq, ona xidmət etmək, onu düşməndən, təcavüzkardan qorumaq ən böyük şərəfdir, mütləq, vacib amildir və hər bir insanın boynunda haqdır. Vətəni qorumaq xalqı qorumaq, xalqı qorumaq torpağı qorumaq, torpağı qorumaq dövləti qorumaq deməkdir. İslamda zaman-zaman Vətəni qorumaq üçün din, dövlət rəhbərləri əmrlər verib. Cihad əmri veriləndə hamı bu hökmə tabe olaraq Vətəni qorumaq üçün ayağa qalxıb. Kim gizlənsəydi, kim qaçsaydı, onlar məsuliyyət daşıyardılar. Onlar həm Allah, həm də Vətən və xalq qarşısında günahkar hesab olunurdular. Muhəmməd peyğəmbərdən (s.ə.s) hədis var ki, “Vətəni sevmək imandandır “. Sevmək üçün onu qorumalısan, onu möhkəmləndirməlisən, ona qarşı diqqətli olmalısan “.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər zamanı ora alternativ xidmətlə bağlı müddəa salınıb: “Xidmətin bir neçə növü var: həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ xidmət nədir? Dünyada müəyyən ölkələrdə bu xidmət növü tətbiq olunur. Bu zaman xidmətin müddəti həqiqi hərbi xidmətə nisbətən daha çox olur. İslam dininə aid olmayan bəzi dini cərəyanlar var ki, dini baxışlarına görə həmin şəxslər əlinə silah götürmürlər. Bundan başqa, cinsi azlıqlar və s. kateqoriyadan olan adamlar da həqiqi hərbi xidmətə yox, alternativ xidmətə cəlb olunurlar. Alternativ xidmət edən şəxslər adətən hospitallarda otaqları təmizləyir, hərbi hissədə müxtəlif təsərrüfat işlərinə cəlb olunurlar. Bu, o demək deyil ki, onlar xidmətdən uzaqlaşa bilərlər. Məsələn, Rusiyada alternativ xidmətdə olanlardan bazarların süpürülməsində, yaxud ayaqyoluların təmizlənməsində, qocalar evində qocalara qulluq edilməsində və s. işlərdə istifadə olunur. Lakin bunun üçün qanun olmalıdır “.

Millət vəkilinin sözlərinə görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən “Alternativ xidmət haqqında ” Qanun layihəsi çoxdan hazırlanıb. Lakin nə qədər ki, Azərbaycanda belə qanun qəbul edilməyib hamı hərbi xidmət keçməlidir: “Hamı bilir ki, Azərbaycan müharibə şəraitindədir. Qəbul edilməmiş həmin qanun layihəsinin 7-ci maddəsində də qeyd edilir ki, nə qədər Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb, alternativ xidmət məsələsinin icrası dayandırılır. O yalnız Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra qəbul edilə bilər. Əgər kimsə bu gün bunu əlində rəhbər tutub belə bir məsələ qaldırırsa, çox səhv edir. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər kəsin təhsil almaq hüququ var. Lakin bu o demək deyil ki, kimsə gedib Bakı Dövlət Universitetində oturmalıdır ki, təhsil almaq mənim hüququmdur. Bu “Təhsil haqqında ” Qanunla tənzimlənir. Və yaxud da yazılır ki, hər kəsin ailə qurmaq hüququ var. Bu Nikah Məcəlləsi ilə tənzimlənir. Konstitusiyada göstərilən maddə normadır, lakin qanun deyil. Qanun isə sonradan onun əsasında yaranır və formalaşır. Azərbaycanda “Alternativ xidmət haqqında ” Qanun qəbul edilməyib, deməli alternativ xidmət də yoxdur “.

Qeyd edək ki, aprelin 1-dən etibarən Azərbaycan vətəndaşlarının Silahlı Qüvvələrə və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. Aprelin 30-dək davam edəcək proses çərçivəsində 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılır.

 

/Trend/