Azərbaycanda diplomların verilməsi ilə bağlı pozuntular aşkar olunduğu təqdirdə müvafiq tədbirlər görüləcək

Azərbaycanda ali məktəblərdə diplomların verilməsi ilə bağlı pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək…

Azərbaycanda ali məktəblərdə diplomların verilməsi ilə bağlı pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin saxta diplomlarla bağlı mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir: “Amma düşünürəm ki, burada iki müxtəlif məsələ var. Bir məsələ odur ki, hər bir sənəd saxtalaşdırıla bilər. Bu, müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir. Ona görə də belə hallara tamamilə fərqli prizmadan baxılır və baxılmalıdır. Onlar aşkarlanarkən məlum olur ki, hansısa qanuni sənədin saxta surəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Təhsil Nazirliyi saxta diplom dedikdə məhz bu kateqoriyanı nəzərdə tutur “.

M.Cabbarov deyib ki, indiyədək belə hallarla rastlaşarkən həmin məlumatları hüquq-mühafizə orqanlarına göndəriblər və bu, gələcəkdə də davam etdiriləcək.

Nazir bildirib ki, ikinci məsələ qanuni diplomların qanun pozuntuları ilə verilməsidir: “Diplom özü-özlüyündə qanuni sənəddir, dövlət tərəfindən hazırlanır və verilir. Lakin onun verilməsində qanun pozuntuları baş verir. Bu, birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki təhsil pozuntularına qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Biz bu işləri gələcəkdə də davam etdirəcəyik “.

 

Trend.az