Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılır

Torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib…

 

Torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib.

Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib.

Oxu.Az Yap.org.az-a istinadən xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məqsədlə 20 rayonun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib.

Seçilən torpaq sahələrinin əkinəyararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və s. vacib amillər nəzərə alınıb.

Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən 203 129, o cümlədən dövlət fondu qış otlaqlarından 127 609, dövlət ehtiyat fondundan 58 186, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4 500 və bələdiyyə mülkiyyətinə aid torpaqlardan 12 834 hektar torpaq sahələri seçilib.

www.oxu.az