Azərbaycanda keçmiş illərdən bağlı qalmış 284 cinayətin üstü açılıb

2013-cü ildə Azərbaycanda keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib…

2013-cü ildə Azərbaycanda keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22 891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub.

 

R. Usubov, həmçinin bildirib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt, cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət “isti izlərlə” açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

 

Nazir qeyd edib ki, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.

 

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əsginas çıxarılıb.

/apa/