Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu bu gün başa çatır

Bu gün 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya sənəd qəbulu başa çatır…

Bu gün 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya sənəd qəbulu başa çatır. Saat 10:00-a qədər magistraturaya 21 701 nəfər , rezidenturaya isə 1265 namizəd ərizə verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağzıadə Trend-ə bildirib ki, sənəd qəbulunun müddətinin uzadılması nəzərdə tutulmayıb. Magistratura və rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə fevralın 11-dən başlayaraq aparılır.

Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar “Magistr ” jurnalının 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi mayın 25-də keçiriləcək.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Rezidenturaya qəbul imtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun 27-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur.

 

/Trend/