Azərbaycanda orta aylıq maaş açıqlandı

Ölkədə 1,5 milyondan çox adam orta hesabla günü 15 manata işləyir…

Ölkədə 1,5 milyondan çox adam orta hesabla günü 15 manata işləyir.

2014-cü il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,5 faizi təhsildə,18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

“2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat olub (orta hesabla gündəlik 15 manat — red.).

İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub”, — məlumatda deyilir.

www.oxu.az