Fevralın 13-də “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrasına həsr olunmuş müşavirə keçirilib…
Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, Tikilən obyektlərin birləşmiş müdiriyyətinin baş mühəndisi Zöhrab Pirimov, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və digər aidiyyəti şəxslər iştirak edib.
İclasda qeyd olunub ki, ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun olaraq tarixi abidələrin pasportları Azərbaycan dilində hazırlanır: “Sovet dövründə 100-ə yaxın abidənin pasportu rus dilində tərtib edilib. Hazırda 64 abidənin pasportu tam hazırdır, 34 abidə ilə bağlı iş davam edir. Pasport iki hissədən ibarət olacaq. Birinci hissədə abidənin yerləşdiyi ərazi, coğrafi koordinatları və aparılan bərpa işləri haqqında məlumat veriləcək. İkinci hissəsi qeydiyyat vərəqindən ibarət olacaq. Burada Azərbaycan, ingilis və rus dillərində abidənin tarixi, bərpası haqqında məlumat veriləcək. Pasport məlumatları Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdiriləcək”.
Toplantıda “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi də müzakirə olunub.
Apa.az