Təhsil Nazirliyi uşaqların övladlığa verilmə şərtlərini açıqlayıb…
Təhsil Nazirliyi uşaqların övladlığa verilmə şərtlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, nazirlikdən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir.
Övladlığa uşaq götürməyi arzu edən Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarına əsasən, müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür. Həmin orqan tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə göndəriləcək. Beynəlxalq övladlığa verilmə isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Övladlığa 3-18 yaş arası olan uşaq götürmək tələbi olduqda vətəndaş Təhsil Nazirliyində övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların siyahısına alınaraq Təhsil Nazirliyinin övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş siyahısı ilə tanış olmaq üçün Təhsil Nazirliyinə dəvət olunur. Siyahı ilə tanış olub seçim etdikdən sonra vətəndaş uşağın yaşadığı müəssisəyə səfər edərək uşaqla əyani tanış ola bilər. Uşaq seçildiyi təqdirdə vətəndaş ona məxsus sənədlərin əsli və ərizə ilə birlikdə rayon məhkəməsinə müraciət edir. Uşağın sənədləri isə Təhsil Nazirliyi tərəfindən hazırlanaraq məhkəməyə təqdim olunur.
Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-nin Qəyyumluq və Himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin və övladlığa götürülən uşağın yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat) nümayəndəsinin iştirakı vacibdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”na əsasən, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyi olan Azərbaycan vətəndaşları övladlığa uşaq götürmək arzu edən şəxs kimi qeydiyyata götürülə bilməzlər.
Milli.az