“Azərbaycanın BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin lehinə səs verməsi Rusiya ilə münasibətlərə təsir edə bilməz”

Rusiya Federasiya Şurasının üzvü İqor Morozov: “Dağlıq Qarabağ problemini Krımla eyniləşdirmək olmaz”…

Rusiya Federasiya Şurasının üzvü İqor Morozov: “Dağlıq Qarabağ problemini Krımla eyniləşdirmək olmaz”

 

“Dağlıq Qarabağ problemini Krımla eyniləşdirmək olmaz. Hesab edirəm ki, bu problemlər bir-birindən tam fərqlənir. Dağlıq Qarabağ konfliktinin Krımla heç bir oxşarlığı yoxdur “.

 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının üzvü İqor Morozov deyib.

 

İqor Morozov Krımda tarixi ədalətin bərpa olunduğunu söyləyib: “Krım Rusiyanın olub. Əhali referendum keçirərək tarixi ədaləti bərpa edib. Krım problemini digər münaqişə ocaqları ilə eyniləşdirmək düzgün deyil”.

 

Rusiyalı senator onu da bildirib ki, Azərbaycanın BMT Baş Assambleyasında Krımla Ukrayna ilə bağlı qətnamənin lehinə səs verməsi Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilməz: “Təbii ki, biz MDB-dən olan tərəfdaşımızın bu qətnamənin lehinə səs verməsinə təəssüfləndik. Çox güman ki, Azərbaycan Krımdakı vəziyyətə Dağlıq Qarabağ problemi kontekstindən baxır. Ona görə belə qərar verib. Lakin biz hesab edirik ki, Azərbaycanın bu mövqeyi Rusiya-Azərbaycan dostluq münasibətlərinə heç bir formada təsir etməməlidir. İki dövlət arasında bir sıra sahədə sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bizim çoxəsrlik ümumi mədəniyyətimiz və tariximiz var. Xalqlar arasında dostluq münasibətləri hökm sürür. Bu münasibətlər davam etməlidir “.

 

/Apa/