Azərbaycan alimi Almaniya universitetində mühazirə oxuyub

Bakı Mühəndislik Universiteti (BMU) hər zaman beynəlxalq layihələrdə və proqramlarda yaxından iştirak edir və dünya elmi təcrübəsinin Azərbaycana gətirilməsində böyük rol oynayır. Bunun nəticəsi olaraq 2019-cu ildə universitetin bir neçə müəllim və tələbəsi müsabiqə yolu ilə beynəlxalq proqramlarda iştirak edib.

AZƏRTAC xəbər verir ki, BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov Avropa Şurasının Erasmus+ layihəsinin “Mobility Agreement Staff Mobility For Teaching” proqramında iştirak edib. O, 7 həftəlik proqramda Almaniyanın Koblenz Universitetinin magistr və bakalavr tələbələrinə “Əsas makroiqtisadi amillər və onların biznesdə təsiri” (Macroeconomic key factors and their impact on business) və “Beynəlxalq təhsil bacarıqları: mikroiqtisadiyyat” (International Study Skills: Microeconomics) fənlərindən mühazirələr oxuyub. Həmçinin Koblenz Universitetinin tələbələrinə “Azərbaycan universitetlərində və eləcə də BMU-da təhsil imkanları” barədə seminar keçib.

BMU-nun dekanı Koblenz Universitetinin beynəlxalq əlaqələr departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə əməkdaşlıq istiqamətlərini müzakirə edib və tərəflər növbəti ildən birgə yay məktəbi təşkil etməyi qərara alıblar.

Beynəlxalq layihə və proqramlarda iştirak etməyin universitetlərarası əməkdaşlığın inkişafı, həmçinin beynəlxalq elmi və pedaqoji təcrübə qazanmaq baxımından əhəmiyyətli olduğunu bildirən Mayis Əzizov qeyd edib ki, Almaniyada dərsə davamiyyət məcburi olmasa da, tələbələrin dərslərdə yüksək səviyyədə iştirakı və interaktiv fəallığı təqdirəlayiq haldır.

AZƏRTAC