Azərbaycan Baş Prokurorluğu: Sumqayıt hadisələrinin əsas iştirakçısı Eduard Qriqoryanın axtarışı davam etdirilir

Rüstəm Usubov: “Sumqayıt hadisələri hərtərəfli və obyektiv aparılmayıb, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb”…

Rüstəm Usubov: “Sumqayıt hadisələri hərtərəfli və obyektiv aparılmayıb, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb”

 

 Sumqayıtda 26 il əvvəl baş verən iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal «zərərçəkən» tərəf kimi azadlığa buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb.

 

APA-nın məlumatına görə, bu barədə baş prokurorun birinci müavini Rüstəm Usubov 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirib.

 

O qeyd edib ki, Sumqayıt hadisələrindən 26 il keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər: “Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək, Azərbaycan xalqını vəhşi, qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini soyqırımı kimi təqdim etməyə çalışırlar və bu istiqamətdə xeyli fəallaşaraq aktiv təbliğatla məşğuldurlar. Bu məqsədlə Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı xüsusi veb-sayt yaradaraq bu hadisələrin mahiyyətini saxtalaşdırmaqla yalan məlumatlar yayırlar”.

 

R. Usubov qeyd edib ki, həmin faktla əlaqədar Sumqayıt şəhər prokurorluğu tərəfindən hadisələr başlayan kimi, yəni fevralın 27-də başlanmış və artıq 1 mart 1988-ci il tarixdən keçmiş SSRİ Prokurorluğunun İstintaq qrupunun icraatına götürülərək istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı qeyd olunan istintaq qrupu tərəfindən tam, hərtərəfli və obyektiv aparılmayıb, hadisələrin əsl mahiyyəti açılmayıb, faktiki olaraq gizlədilib, cinayətlərin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin əsl təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıbdır. Məhz bu səbəbdən də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb: “Bu məqsədlə öncə baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün Prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılıb və komissiya işləri öyrənərək həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə edib. Baş prokurorun 19 mart 2010-cu il tarixli qərarı ilə 5 cinayət işinin icraatı təzələnərək, bir icraatda birləşdirilib istintaqın aparılması Baş Prokurorluğun, MTN və DİN-in təcrübəli əməkdaşlarından ibarət rəhbərlik etdiyim istintaq-əməliyyat qrupuna tapşırılıb. Doğrudur, Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun SSRİ-nin müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 230-dan artıq müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanıb, araşdırılıb və nəticəsi olaraq bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya, ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub. Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal «zərərçəkən» tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalıblar”.

 

R. Usubov qeyd edib ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş, 6 ermənini qətlə yetirən, 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar – Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından təsadüfən onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb: “Bunu ona əsaslanıb deyirəm ki, hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıb. Təsadüfi deyil ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə erməni olmaması, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar”.

 

R. Usubov bildirib ki, ermənilərin nə deməsindən asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilib və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü var. Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilib.

 

Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

/apa/