“Azərbaycan gənclərinin Azərbaycan həqiqətlərinin təbliğində rolu” mövzusunda debatlar silsiləsi başa çatdı

AVCİYA-nın təşəbbüsü ilə keçirilən “Azərbaycan gənclərinin Azərbaycan həqiqətlərinin təbliğində rolu” mövzusunda debatlar silsiləsinin son turlarında noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti, dekabrın 1-də isə Bakı Dövlət Universiteti və ATMU-nun komandaları qarşılaşdı.

Müzakirələrin bu forması tələbələrə öz mövqelərini bildirməyə və müdafiə etməyə imkan verdi. Tələbələr müzakirə olunan mövzu ilə bağlı “lehinə” və “əleyhinə” olmaqla fikirlərini səsləndirdilər və dəqiq dəlillər gətirməklə öz opponentlərini mövqelərinin düzgünlüyünə inandırmağa çalışdılar.

Günay İsmayılova, Sevinc Qədəşova, Aytac Rizvanlı, Dilarə Quliyeva (hamısı – ADPU), İlkin Qəhrəmanlı, Aytən Cəfərova, Jalə Qasımova (hamısı – ATMU), Əsli Xəlilova, Ramil Baxşıyev, Abbas Zeynallı (hamısı – BDU) və bir çox başqaları debatlarda öz dünyagörüşləri, mühakimə yürütmək, opponenti dinləmək və düzgün istqamətdə düşünmək bacarığı nümayiş etdirdilər.

Bütövlkdə tələbələr bu debatlarda komandada oynamaq səriştəsi, öz ideya və mülahzələrini komanda yoldaşları ilə bölüşmək, bir-birini dəstəkləmək qabiliyyəti ilə seçilirdilər.

Xatırladaq ki, noyabrın 7-də start götürən debatlarda altı ali məktəbin – Azərbaycan Dövlət pedaqoji Universitetin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin debatçıları iştirak edirdilər.

AVCİYA-nın debatlar silsiləsi gələn ildə də davam edəcək və bu debatlarda eyni vaxtda dörd universitetin komandası qarşılaşacaq.