Azərbaycan Müdafiə Nazirliyinin tərkibindəki təhqiqat bölmələrinin statusu və strukturunun dəyişdirilməsi təklif olunur

Deputat: “Təhqiqat bölmələrinin indiki fəaliyyəti tələblərə cavab vermir”…

Deputat: “Təhqiqat bölmələrinin indiki fəaliyyəti tələblərə cavab vermir”

 

Azərbaycan Müdafiə Nazirliyinin tərkibindəki təhqiqat bölməsinin ləğv edilərək yeni strukturda formalaşdırılması nəzərdə tutulur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişiklər layihəsi təklif olunur.

 

Təklif olunan layihəyə əsasən, hazırkı təhqiqat bölməsi tamamilə ləğv edilir və nazirlik də daxil olmaqla bütün korpuslar, hərbi hissələr üzrə yeni statusda, yeni strukturda təşkil olunur.

 

Bölmənin yenidən təşkil olunmasında məqsəd Silahlı Qüvvələrdə baş verən hadisələrlə bağlı təhqiqat prosesini təkmilləşdirmək, yeni sistem tətbiq etməkdir.

 

Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, təklifin müəlliflərindən biri də odur: “Müdafiə Nazirliyinin tərkibindəki bütün hissələrdə fəaliyyət göstərən təhqiqat bölmələrinin indiki fəaliyyəti tələblərə cavab vermir. Əsgərlər, əsgərlərlə zabitlər arasında hər hansı insidentlər ilk olaraq bu bölmələrdə aydınlaşdırılır. İlk instansiya orqanı olaraq bu qurumun indiki strukturu çox əlverişsizdir ki, bunun son vaxtlar praktikada çox şahidi oluruq. Ən başlıcası dəyişikliklərdə bu qurumu hərbi prokurorların əlaltılığından xilas etmək lazımdır.

 

Daha sonra təhqiqat bölmələrinin işinin yeni əsaslarla qurulmasına hüquqi zəmin yaratmaqdır ki, təklifdə də bu nəzərdə tutulur. Çünki bölmənin indiki durumu ordu quruculuğumuzdakı sürətli irəliləyişlərə cavab vermir. Yenidən təşkil olunmadan sonra onların hansı prinsipdə işləməsi nazirlik tərəfindən həllini tapacaq”.

 

Layihənin bu il Milli Məclisin müzakirəsinə təqdim olunması gözlənilir.

 

Apa.az