Azərbaycan və Aİ insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Avropa İttifaqının (Aİ) Ədliyyə, təhlükəsizlik, insan haqları və demokratiya üzrə alt komitəsinin Brüsseldə keçirilmiş iclasında tərəflər insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər…

Azərbaycan və Avropa İttifaqının (Aİ) Ədliyyə, təhlükəsizlik, insan haqları və demokratiya üzrə alt komitəsinin Brüsseldə keçirilmiş iclasında tərəflər insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend xəbər verir ki, bu barədə cümə axşamı Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, iclasın ilk günündə hüquq-mühafizə, sərhədlərin idarə olunması, miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Aİ-Azərbaycan fəaliyyət planının reallaşdırılmasına yekun vurulub, ikinci gün isə demokratiya, idarəetmə və insan haqları sahəsində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunub: “Ekspertlər səviyyəsində olan sessiya dostluq, şəffaf və konstruktiv mühitdə keçib. Gələcək əməkdaşlığın imkanlarına dair diskussiyalar daxil olmaqla qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə fikir mübadiləsi aparılıb “.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edib.

Məlumatda deyilir: “Alt komitənin iclasının ikinci günündə Azərbaycan və Aİ-də insan haqları ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Görüşdə insan haqlarının müdafiəsi, məhkəmə sistemində islahatlar, seçkilər və seçki qanunvericiliyi, sərbəst toplaşma və assosiasiyalar, vətəndaş cəmiyyətinin fəaliyyəti daxil olmaqla geniş spektr məsələlər üzrə fikir mübadiləsi olub. Aİ və Azərbaycan, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər “.

 

Trend.az