Azərbaycan və Gürcüstan sərhədlərini möhkəmləndirirlər

“İnanıram ki, bu layihənin həyata keçirilməsi regionun təhlükəsizliyinə öz töhfəsini verəcək”…

“İnanıram ki, bu layihənin həyata keçirilməsi regionun təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Azərbaycan hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə qərar verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, layihəyə əsasən iki ölkə arasında yaşıl sərhəddə daha çox təhlükəsizlik məsələlərini əhatə edəcək layihə çərçivəsində əlaqələndirilmiş tədbirlər mexanizminin yaradılması və tətbiqi üçün Azərbaycan və Gürcüstanın sərhəd orqanlarının birgə fəaliyyəti daha da inkişaf etdiriləcək, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək, quru sərhəd mühafizə və nəzarət proseduraları təkmilləşdiriləcək, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramları hazırlanacaq, müasir infrastruktur yaradılaraq yüksək texnologiyalı avadanlıqlarla təchiz ediləcək .
 
Bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Sərhəd Polisi arasında layihənin imzalanma mərasimi keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycan və Gürcüstan nümayəndələri ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Gürcüstanın müvafiq hökumət qurumlarının səlahiyyətli şəxsləri, BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan ofislərinin, Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin, ATƏT-in Bakı Ofisinin nümayəndələri, eləcə də Avropa İttifaqına üzv tərəfdaş ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Sənədi Sənədləri Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə və Gürcüstan Sərhəd Polisinin rəis müavini, Yaşıl Sərhədlərin Mühafizəsi Departamentinin rəhbəri Giorgi Turiaşvili imzalayıblar. Büdcəsi 5 milyon 600 min avro olan layihə “İnterə Edilmiş Sərhəd İdarəçiliyi layihələrinin Cənubi Qafqazda tətbiq edilməsində Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi” (İCMPDİ) tərəfindən icra olunacaq.
 
Tədbirdə çıxış edən layihə rəhbəri Məzahir Əfəndiyev bu gün sərhədlərin mühafizəsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə çatdırıb. DSX-nin rəis müavini Fərhad Tağızadə bildirib ki, sərhəd siyasəti dövlət siyasətinin tərkib hissəsidir, ölkə sərhədlərinin təhlükəsizliyinin mühafizəsi məsələdir. O qeyd edib ki, Azərbaycan rəhbərliyi sərhəddən keçən yük və nəqliyyatla bağlı proseduraların sadələşdirilməsinə dəstək verir: “2009-cu ilin yanvar ayının 1-dən nəqliyyat operatorları və sərnişinlərə əlverişli şərait yaratmaq üçün bir pəncərəli sistemin tətbiqinə başlanıb. 2010-2012-ci illərdə “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sisteminə Dəstək” layihəsi icra olunub, iki ölkə inteqrə edilmiş sərhəd idarəçiliyi Konsepsiyasının tətbiqi üzrə fəaliyyətə başlayıb. Bu gün bunun davamı olaraq “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin icrasına başlayırıq”.
 
F. Tağızadə nəzərə çatdırıb ki, bu layihə Azərbaycan və Gürcüstanın sərhəd qurumları arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq: “İnanıram ki, bu layihənin həyata keçirilməsi regionun təhlükəsizliyinə öz töhfəsini verəcək”.
 
Gürcüstan Sərhəd Polisinin rəis müavini G. Turiaşvili bu layihənin ölkələrimiz arasında sərhəddə texniki təchizatın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəldiyini söyləyib. G. Turiaşvili 2014-cü ildə Gürcüstan və Azərbaycan sərhədində Avropa standartlarına uyğun 2 sektor tikildiyini açıqlayıb: “Bu işlər həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığı artıracaq, sərhədlərin müdafiəsini gücləndirəcək. Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq dünyada təhlükəsizliyə töhfə olacaq”.
 
BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk bu gün imzalanan layihənin Azərbaycanda Zaqatala və Qaxda, Gürcüstanda isə iki sərhəd sektorunda icra ediləcəyini açıqlayıb: “Ümumilikdə donorlar, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və digər donorlar tərəfindən layihəyə 5 milyon 360 min avro ayrılacaq və bu vəsait iki ölkə arasında yarıya bölünəcək”.
 
BMT İnkişaf Proqramının Gürcüstandakı rezident nümayəndəsi Nilz Devid Skot pilot layihə çərçivəsində müşahidə, birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub: “Bu layihə nəticəsində beynəlxalq əməkdaşlarla, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq güclənəcək. Gürcüstan xərclərin 10 faizini ödəməyə də hazırdır. Sərhədlərin mühafizəsini Avropa standartlarına çatdırmaq istəyirik”.
 
Daha sonra layihə rəhbəri Məzahir Əfəndiyev layihənin Azərbaycanla bağlı qismi ilə əlaqədar təqdimat keçirib. O bildirib ki, layihənin Azərbaycan qismi 3 milyon 405 min dollara icra ediləcək. Bu vəsaitin 2 milyon 859 min dolları Avropa İttifaqı, 134 min dollar BMT-nin İnkişaf Proqramı, 412 min dolları isə Azərbaycan tərəfindən maliyyələşdiriləcək. “İnterə Edilmiş Sərhəd İdarəçiliyi layihələrinin Cənubi Qafqazda tətbiq edilməsində Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi” (İCMPDİ) tərəfindən icra olunacaq layihə çərçivəsində Zaqatala və Qaxda sərhəd mühafizəsi təkmilləşdiriləcək, birgə təlim proqramları hazırlanacaq, təlimçilər bazası yaradılacaq, sərhədçilər yeni avadanlıqlarla təchiz ediləcəklər.

www.oxu.az