Azərbaycanda çap edilən kitabların kitabxanalara göndərilməməsi təhlükəli hal kimi qiymətləndirilir

Ölkədə çap edilən kitabların kitabxanalara göndərilməməsi çox təhlükəli haldır. Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib…

Ölkədə çap edilən kitabların kitabxanalara göndərilməməsi çox təhlükəli haldır. Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili deyib ki, mövcud qanunvericilikdə Azərbaycanda çap edilən kitabların zəruri nüsxələrinin və elektron variantının ölkədəki kitabxanalara göndərilməsi nəzərdə tutulur. Lakin hazırda bu müddəa real olaraq həyata keçirilmir: “Bu isə bizi çox narahat edir, çünki bunu həyata keçirmək üçün lazımi mexanizm yoxdur. Ölkədə çoxlu nəşriyyat var, amma kitabların tirajı xeyli azdır, kitablar müəlliflərin maliyyəsi hesabına çap edilir. Əgər ölkədəki bütün mərkəzi kitabxanalara çap edilmiş kitabın nüsxələri göndərilsə, bunun borc-xərci bir yana qalsın, heç müəllifin özünə kitab çatmaz “.

N.Cəfərovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif edilir ki, hələlik yalnız mərkəzi kitabxanaya hər çap edilən kitabın 2 nüsxəsi və elektron variantı göndərilsin, mərkəzi kitabxana isə həmin elektron nüsxəni digər kitabxanalara paylasın: “Lakin bununla da razılaşmaq çətin olacaq. Çünki bununla məsələni məhdudlaşdırmış oluruq “.

Bununla belə, komitə sədri qeyd edib ki, hər halda müəyyən variantlar üzərində iş gedir: “Bunun üçün ya kitabxanaların konkret sayı müəyyən edilə, ya kitabxanalar özləri kitabları ala, ya da nəşriyyatlara kiçik həcmdə kvota qoyula bilər. Hər halda nəşriyyatlarda çap edilən kitabların nüsxələrinin kitabxanalara göndərilməməsi çox təhlükəli haldır “.

 

Trend.az