Azərbaycanda investisiya fondu yaratmaq istəyirlər

Bu təşəbbüs Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən gəlir…

Bu təşəbbüs Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən gəlir.

İnvestisiya fondunun yaradılması məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə iki qrup tərəfindən müraciət təqdim olunub.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.

Qeyd edək ki, ötən ilin sonlarına yaxın investisiya fondu yaratmaq üçün “İnvest AZ” şirkətinin Komitəyə müraciət etdiyi mətbuata məlum idi. Bu gün isə məlum oldu ki, “İnvest AZ”-dan başqa bir qrup da müraciət edib.

“Bizim əsas məramımız, ilk yaradılacaq fondların Azərbaycan iqtisadiyyatı üçün dəyər verə bilməsi və prioritet sahələrə uzunmüddətli vəsaitlərin cəlb edilməsinə dəstək göstərməsidir. İkinci tərəfdən bu fondların peşəkar idarəetmə və hesabatlılıq sistemlərinin “İnvestisiya fondları haqqında” Qanunun tələblərinə müvafiq qaydada təşkil olunmasına əminlikdir. Bu istiqamətdə sorğularımız təşəbbüs qruplarına göndərilib. Biz indi onlardan müvafiq cavablar gözləyirik” – deyə, Rüfət Aslanlı jurnalistlərə bildirib.

Komitənin sədri ilk investisiya fondunun nə vaxt fəaliyyətə başlayacağı barədə dəqiq vaxt söyləməyib:

“Vaxt deyə bilmərəm, çünki bizim sorğularımız təşəbbüsçülər tərəfindən cavablandırılmalıdır. Sorğuya cavab vermək üçün nə qədər vaxtın lazım olduğu təşəbbüsçülərin özlərinə məlumdur”.

/oxu.az/