Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün BQXK-nə müraciət edilib

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib…

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib. Bu barədə çərşənbə axşamı Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Hüseynovanın sözlərinə görə, Dövlət Komissiyası Ermənistan vətəndaşlarının qaytarılması üçün BQXK vasitəçilik etməsi üçün müraciət edib.

O bildirib ki, BQXK Ermənistan vətəndaşlarının ölkələrinə qaytarılması üçün mandatından irəli gələn missiyasını həyata keçirəcək.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə Trend-ə bildiriblər ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşları ər-arvaddırlar. Hazırda onlarla danışıqlar aparılır.

Qeyd edək ki, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar. Onların hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

/Trend/