Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili-Elxan Süleymanov

Elxan Süleymanov,

AVCİYA-nın prezidenti

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) avqust ayının sonunda Azərbaycanda 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Ehtiyacların qiymətləndirilməsi üzrə missiya (EQM) hesabatını açıqlamışdır. Hesabatda seçki mühiti və seçki prosesi ilə bağlı əhəmiyyət kəsb edən məsələlər 7 mövzuda birləşdirilib: gender bərabərliyi, seçki komissiyaları, müraciət prosedurları, namizədlərin qeydiyyatı prosesi, toplaşma azadlığı, QHT-lərin seçki monitorinqi, diffamasiya qaydaları və mətbuat.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) DTİHB-nin EQM hesabatını hərtərəfli araşdırmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların (AP, AŞPA, ATƏT PA, ATƏT/DTİHB və Venesiya Komissiyası) indiyədək müxtəlif dövrlərdə irəli sürdükləri tövsiyələri EQM hesabatında toxunulan mövzular ətrafında ümumiləşdirilmişdir və bir sıra tənqidi fikirlər bildirilmişdir. Bu tənqidi fikirlərin obyektivlik və əsaslandırılma dərəcəsi vacib əhəmiyyət kəsb edir.

Odur ki, AVCİYA-nın ekspertləri bu mövzularla bağlı Azərbaycanda formalaşdırılmış hüquqi çərçivəni və praktikanı tədqiq etmişdir. DTİHB-nin EQM hesabatında irəli sürülmüş tənqidi fikirlərin nə dərəcədə obyektiv olub-olmamasını dəyərləndirmək məqsədilə seçki prosesinə dair Azərbaycanda formalaşdırılmış qanunvericiliyin bir neçə Avropa ölkələrinin (Almaniya, Fransa, Niderland, Norveç) qanunvericiliyi və praktikası ilə müqayisəli təhlili edilmişdir. Müqayisəli təhlildə bütün başlıca məsələlər öz əksini tapmışdır, gender bərabərliyi isə ayrıca, beynəlxalq yönümlü perspektivdən təhlil edilmişdir. Əldə edilmiş nəticələrin maraqlı olmasını və bir sıra məqamlara aydınlıq gətirilməsini nəzərə alaraq, AVCİYA ekspertlərinin hazırladığı sənədin qısa icmalını Azərbaycan ictimaiyyətinə çatdırmağı zəruri hesab edirəm.

DTİHB-nin EQM hesabatında qadınların dövlət idarələrində az təmsil olunması, onların hazırki parlamentdə yerlərin təxminən 16%-ni və 42 nazirlik postundan 1-ni tutması diqqətə çatdırılır. Bununla bağlı qeyd edilməlidir ki, qadınların qərarverici vəzifələrdə az təmsil olunması məsələsi yalnız Azərbaycanda deyil, bir çox yetkin demokratiyalarda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Bununla bərabər, AVCİYA-nın apardığı müqayisəli təhlil göstərir ki, 2010-2014-cü illərdə milli parlamentlərdə qadınların təmsil olunma faizi beynəlxalq və Avropa nümunələri ilə oxşardır, yaxud əksər hallarda Azərbaycandan aşağıdır. Misal üçün, Çex Respublikası (20%), Estoniya (19%), Macarıstan (10%), İrlandiya (16%), Yaponiya (8%), Malta (14%), Rumıniya (14%), Birləşmiş Krallıq (23%) və Birləşmiş Ştatlar (19%).

Bundan əlavə, Azərbaycan Respublikası parlamentindəki deputatların 16%-nin qadın olması göstəricisi ilə regionumuzda ən yaxşı nəticəyə malikdir, belə ki, Ermənistanda bu rəqəm 11%, Gürcüstanda 12%, İranda 3%, Rusiya Federasiyasında 14% və Türkiyədə 14%-ə bərabərdir.

Maraqlıdır ki, EQM hesabatında seçki komissiyalarında tarazlaşdırılmış gender iştirakı ilə bağlı heç bir müddəanın olmadığı bildirilir. Lakin AVCİYA-nın təhlili nəticəsində aşkar edilmişdir ki, nəzərdən keçirilmiş seçki qanunlarının heç birində dövlətlərin müvafiq seçki komissiyalarında qadınların təmsil olunmasına dair xüsusi müddəalar nəzərdə tutulmamışdır. Beləliklə, Azərbaycanın nümunəsində seçki komissiyasının tərkibinə dair seçki qanunlarında gender bərabərliyi məsələsinə toxunmağın əsassız və qeyri-obyektiv olması sübuta yetirilmişdir.

DTİHB-nin EQM hesabatında müzakirə edilən digər mövzu seçki komissiyaları ilə bağlıdır. Hesabatda bildirilir ki, seçki komissiyalarının təşkili formulası, namizədlərin qeydiyyat proseduru və şikayət və müraciətlərə baxılması mexanizmləri uzunmüddətli tövsiyələrin mövzusu olaraq qalır və hələ də nəzərdən keçirilməmişdir.

AVCİYA ekspertləri tərəfindən seçkilərin təşkili, seçkilərə müvafiq nəzarət və seçki ptrosesinə məsul olan təsisat və onun formalaşması mexanizminə dair Azərbaycan qanunvericiliyinin Almaniya, Niderland, Norveç və Fransa qanunvericiliyi ilə müqayisəli təhlili aparılmışdır. Göstərilən dövlətlərin seçki qanunlarının müqayisəli təhlili göstərir ki, müəyyən hallarda (misal üçün, Almaniya yaxud Niderland) icra hakimiyyətinin bir hissəsi olan Daxili İşlər Nazirliyinə mərkəzi seçki komissiyalarının irəli sürülməsində geniş səlahiyyət verilir. Odur ki, Mərkəzi Seçki Komissiyasının ölkəmizdə seçki prosesinin təşkili, keçirilməsi, nəzarəti ilə bağlı məsuliyyət daşıyan və müstəqil administrasiya kimi fəaliyyət göstərən mərkəzi orqan olmasını nəzərə alsaq, Azərbaycanın qəbul etdiyi sistemin tənqidi əsassız və ədalətsiz olduğunun şahidi oluruq.

Bununla yanaşı aşkar edilmişdir ki, qeyd edilən Avropa dövlətlərinin heç biri seçki komissiyasının təşkili barədə qərar kimi məsələlərdə hakim siyasi partiyanın mümkün təsiri ilə mübarizə məqsədilə heç bir qanuni müddəalar qəbul etməmişdir. Bundan əlavə, qanuni müddəalarda seçki orqanları üzvlərinin hüquqi potensialı və peşəkarlığına dair xüsusi qaydalar nəzərdə tutulmamışdır.

Nəticədə belə bir qənaətə gəlinmişdir ki, seçki komissiyalarının təşkili və fəaliyyətində irəliləyişlərin mümkünlüyü fikri ilə əsasən razılaşmaq olsa da, Azərbaycanda seçki komissiyalarının təşkilində siyasi pariteti təmin edən cari sistem təhlil edilmiş modellər arasında ən münasib və tarazlaşdırılmış sistemdir. Hesab edirik ki, DTİHB-in EQM hesabatında bu məsələ ilə bağlı əsassız və dərindən təhlil olunmamış mülahizələr yer almışdır.

DTİHB-nin EQM hesabatında tənqid obyekti olan məsələlərdən biri də seçki kampaniyasının müddəti ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda seçki kampaniyası qanuni olaraq səsvermə günündən 23 gün əvvəl başlaya bilər və seçki təşviqat fəaliyyəti səsvermə başlamazdan azı 24 saat əvvəl dayandırılmalıdır.

Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Almaniya, Niderland və Norveçdə qanunla müəyyən olunmuş seçki kampaniyası müddəti nəzərdə tutulmayıb. Lakin Fransa qanunvericiliyində Milli Assambleyaya keçirilən seçkilərdə təşviqat kampaniyasına səsvermə günündən əvvəl dəqiq iyirmi gün müddəti ayrılmışdır. Bununla bərabər qeyd edilməlidir ki, Almaniya, Niderland və Norveçdə seçki kampaniyası müddəti nəzərdə tutulmasa da, bu dövlətlərin hər birində adətlər, eləcə də əlavə hüquqi tələblər və təcrübi mülahizələr, məsələn, xərclər de-fakto 3-5 həftəlik kampaniya müddətini diqtə edir.

Beləliklə, Azərbaycan qanunvericiliyi təhlil edilmiş Avropa dövlətləri ilə oxşar kampaniya müddətini nəzərdə tutur. Sırf hüquqi baxımdan Fransada ən sərt hüquqi müddəalar mövcuddur, belə ki, qanuni icazə verilən seçki kampaniyasının müddəti yalnız iyirmi gündür. Azərbaycandakı qaydalar Fransa ilə müqayisədə bu baxımdan daha yumşaqdır və eyni zamanda faktiki olaraq təhlil edilmiş digər Avropa ölkələrindəki kampaniya müddəti ilə eynidir.

Müraciət prosedurları DTİHB EQM hesabatında toxunulan mövzulardan biridir. Qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyinə əsasən, seçki qanununun mümkün pozulması halları barədə şikayətlər iddia edilən qanunsuz qərar yaxud tədbir qəbul edildikdən 3 gün ərzində aidiyyəti tərəflər tərəfindən sənədləşdirilə bilər. Bütün bunlar 9 üzvdən ibarət Mərkəzi Seçki Komissiyasında və 3 üzvdən ibarət Dairə Seçki Komissiyasında yaradılmış ekspert qrupları tərəfindən araşdırılır. Azərbaycanda mövcud olan ikili hüquq çərçivəsinə əsasən, şikayətlərə əvvəlcə müstəqil seçki komissiyalarında baxılır, daha sonra ərizəçi həm seçkidən əvvəl, həm də seçkidən sonra apelyasiya üçün məhkəməyə müraciət edə bilər (Apelyasiya Məhkəməsi).

Qeyd edilməlidir ki, Azərbaycan qanunverici hakimiyyəti müraciətlər prosesindən kənar tutur, beləliklə, siyasi baxımdan daha tarazlaşdırılmış orqan olan Mərkəzi Seçki Komissiyasına qərar hüququ verir, eyni zamanda məhkəmənin çox fəal rol oynamasına şərait yaradır. Təhli edilən digər Avropa dövlətləri hakim parlament partiyasının mümkün sui-istifadə hallarını aradan qaldırmağa yönəlmiş müddəalar qəbul etmir və yalnız məhdud hallarda, məsələn, konstitusiya hüququ olan səsvermə hüququ ilə bağlı məsələlərdə məhkəməyə müraciəti nəzərdə tutur.

Ümumilikdə, aparılan müqayisəli təhlil göstərir ki, Azərbaycanda seçki müraciəti prosedurları digər Avropa dövlətləri tərəfindən qəbul edilmiş prosedurlarla təxminən eynidir. Odur ki, bu məsələ ilə bağlı səsləndirilən tənqidi fikirlər qərəzli hesab edilməlidir.

DTİHB-nin EQM hesabatında namizədlərin qeydiyyatı prosesinə xüsusi yer ayıraraq, potensial namizədin qeydiyyata alınmış seçicilərinin 450 imzasını müvafiq DSK-ya təqdim etməsini bildirir, müxalifət partiyalarının və bəzi digər müsahiblərin öz namizədlərinə dəstək kimi imza atmaqdan çəkinmələri üçün göstərilən potensial təzyiq barədə narahatlıq ifadə edir.

Təhlil edilmiş digər ölkələrin milli parlamentlərində (Niderland, Almaniya) yer qazanmış və ya son seçkilərdə minimum seçici sayı əldə etmiş (Norveç) qeydiyyatlı siyasi partiyalar üçün lazımi sənədlərin və partiyanın icraçı rəhbərlərinin imzasını təqdim etmək kifayətdir. Fransa parlament seçkiləri üçün imzaların qəbuluna dair xüsusi tələblər nəzərdə tutmur. Qeyd edilənlərdən əlavə hallarda, milli seçkilərdə namizədin qeydiyyatı üçün Norveçdə 500, Almaniyada 200, Niderlandda 30 etibarlı imza tələb olunur. Bu isə qeyd-şərtsiz onu göstərir ki, parlament partiyalarına digər qruplara nəzərən daha asan huquqi məhdudiyyətlər tətbiq olunur.

Bundan əlavə, Azərbaycan xüsusi olaraq seçicilərə bir neçə namizədi dəstəkləmək üçün imza atmalarına icazə verir və bu, qeydiyyat prosesini daha asan edir. Niderland seçici imza atdığı zaman onların dövlət hakimiyyəti qarşısında fiziki iştiraklarını tələb edir, Almaniya isə seçicilərə eyni zamanda dəstək imzalarını geri götürmək imkanı verir və onların əksəriyyəti bu müddəa ilə hərəkət edirsə, namizədlik ləğv edilir, o cümlədən namizədlərdən partiya tərəfindən daxili seçki prosesində namizədliklərinin irəli sürülməsi tələb olunur.

Azərbaycan, Almaniya və Norveçdə namizədlərin qeydiyyatı üçün heç bir maliyyə məhdudiyyəti tətbiq edilmir. Niderlandda isə parlamentdə təmsil olunmayan siyasi partiyalardan mütləq depozit tələb edilir (minimum 11,250 avro miqdarında). Seçki prosesində minimum səs toplanılmadıqda isə bu depozit dövlətə qalır və beləliklə, onların milli səviyyədə seçki prosesində iştirakları ilə bağlı yeni və məhdud müraciət üçün baryer yaradır.

Beləliklə, təhlil edilmiş Qərb demokratiyalarında qüvvədə olan proseslərlə müqayisədə, Azərbaycanda namizədlərin qeydiyyatı prosesinin maraqlanan partiyalar (siyasi qruplar yaxud müstəqil namizədlər) üçün mühüm çətinliklər yaratması fikri əsassızdır.

DTİHB-nin EQM hesabatında toplaşma azadlığı, birləşmə azadlığı və ifadə azadlığının icrasına qoyulan məhdudiyyətlərin sadələşdirilməməsindən ciddi narahatlıq ifadə edilir.

Təhlil olunmuş Avropa ölkələrində dinc toplaşma keçirmək hüququ ilə nümayişin digər növlərinin keçirilməsi hüququnu bir-birindən ayırd edilməsinə diqqət yönəldilmiş və belə bir qənaətə gəlinmişdir ki, bu ölkələrdə ümumilikdə ictimai yığıncaqlarla bağlı fundamental qaydalar Azərbaycanda olduğundan fərqli deyil.

Həmçinin qeyd edilməlidir ki, Azərbaycanın nəzərdə tutduğu hüquqi müddəalar eyni zamanda qanunsuz toplantıların iştirakçıları ilə təşkilatçılar arasında aydın və nəzərə çarpan fərq qoyur. Belə ki, bütün Qərb dövlətlərində olduğu kimi, təşkilatçılar hər hansı qanunsuz davranışa görə daha çox məsuliyyət daşımalıdır. Buna görə də istənilən mülahizə iddialara deyil, xüsusi nümunələrə əsaslanmalıdır. İctimai yığıncaqlar üçün hüquq müddəalarına məsul rəsmilər tərəfindən məhəl qoyulmaması, adı çəkilən yığıncaq və nümayişlərin təşkilatçıları, müvəffəqiyyətli şəkildə və ya əksinə, bu məsələni məhkəməyə çıxarması nümunələrə misal ola bilər.

Belə nümunələr olmadığı halda və qərb dövlətləri ilə müqayisədə Azərbaycandakı toplaşma azadlığı ilə bağlı fundamental hüquq müddəalarının onların qaydalarına heç bir əngəl törətməməsini nəzərə alaraq, bununla bağlı yalnız belə nəticəyə gələ bilərik ki, EQM hesabatı qanuni faktlar yaxud potensial hüquq pozuntuları və ya yanlış tənzimləmələrin həll edilməsi qeyd olunan konkret faktlar əsasında deyil, maraqlı tərəflər olan bəzi radikal müxalif partiyaların ifadə etdiyi fikirlər əsasında hazırlanmışdır.

QHT-lərin seçki monitorinqi DTİHB-nin EQM hesabatında narahatçılıq ifadə edilən məsələlərdən biri kimi göstərilir və bildirilir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları seçkiləri müşahidə etmək niyyətlərini bəyan etsələr də, çoxları qeyd etdi ki, maliyyə resurslarının çatışmazlığı, çox güman ki, onların fəaliyyətini məhdudlaşdıracaq.

AVCİYA ekspertlərinin araşdırmaları göstərir ki, Azərbaycan, Niderland və Norveçdə xüsusilə milli və beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçərək seçki zamanı seçki məntəqələrində iştiraklarını və səsverməni müşahidə etmələrinə icazə verilir. Norveçdə isə həm milli, həm də beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçmələri tələb olunur. Fransa və Almaniyada isə əsasən monitorinqin aparılmasına icazə verilsə də, bununla bağlı xüsusi hüquqi müddəa və ya müvafiq nizamnamə yoxdur.

DTİHB-nin EQM hesabatında səsləndirdiyi Azərbaycanda icra edilən monitorinq qaydaları ilə bağlı narahatlıqlar təhlil edilmiş qərb ölkələri ilə birbaşa eynilik təşkil edir. Azərbaycan Respublikasının bu məqsədlə qəbul etdiyi qanunun əhatəli və liberal təbiətini, eləcə də bütün maraqlı partiyalar və seçicilər tərəfindən aparılan çarpaz monitorinqinə icazə verilməsi deyil, sadələşdirilməsi faktını nəzərə alaraq, istəkli müşahidəçilərin və seçicilərin seçki prosesinə nəzarət etmək imkanları ilə bağlı narahatlıqlar əsassızdır və süni şəkildə şişirdilmişdir.

Nəhayət, DTİHB-nin EQM hesabatında ifadə edilən sonuncu narahatlıq diffamasiya qaydaları və mətbuat ilə bağlıdır. Hesabatda vurğulanır ki, İfadə, media azadlığı və informasiya əldə etmək hüququnun azadlığı Konstitusiya ilə təmin edilsə də, diffamasiya iki ilə qədər həbs cəzası olan cinayət əməli olaraq qalmaqdadır.

Qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyində diffamasiya adətən ən müzakirə edilən məsələlərdən biri olaraq qalır. Lakin müqayisəli təhlil göstərir ki, Azərbaycan qanunvericiliyində diffamasiya müddəaları Niderland, Fransa, Norveç və Almaniya qanunlarından tamamilə fərqli deyil və bəzi qərb ölkələrində cinayət əməli üçün tətbiq edilə biləcək cəzalar baxımından daha mülayimdir.

Misal üçün göstərmək olar ki, Almaniyada insan ləyaqəti təhqirdən Cinayət Məcəlləsinin müddəaları ilə qorunaraq iki ilədək həbslə, diffamasiya iki ilədək həbslə və qazet məqaləsi də daxil olmaqla yazılı material vasitəsilə açıq aşkar edilən pis niyyətli böhtan isə beş ilədək həbslə cəzalandırılır. Alternativ olaraq yuxarıda qeyd edilən pozuntular nəzəri baxımdan minimum 5 avrodan başlayan və 10,8 milyon avroya qədər çatan cərimələrlə cəzalandırıla bilər.

Niderlandda böhtan maksimum altı ayadək həbs və ya 8100 avro məbləğində cəriməylə, şər atma bir ilədək həbs və ya 8100 avro məbləğində cəriməylə, qəsdən böhtan və ya şər atma iki ilədək həbs və ya 20250 avroyadək cəriməylə, təhqir isə üç ayadək həbs və ya 4050 avro məbləğində cəriməylə cəzalandırılır.

Norveçdə bir şəxsə qarşı törədilmiş sadə diffamasiya cinayət əməlidir və üç ilədək həbslə cəzalandırılır. Fransada diffamasiya cinayət əməli hesab edilir və 12,000 avroyadək cəriməylə cəzalandırılır.

Göstərilən misallardan aydındır ki, təhlil edilmiş ölkələrin hamısında təhqir və diffamasiya cinayət əməlləridir və bu məsələ ilə bağlı ən liberal qanunlar Fransadadır. Ən sərt cəza isə Almaniyada, xüsusilə məsələyə ictimai xadimlər və ya dövlət rəmzləri daxil olduğu halda tədbiq edilir ki, bu da maksimum beş ilədək həbs cəzası təşkil edir. Alternativ cərimə cəzalarına gəldikdə isə Azərbaycanda bu cərimələrin maksimum miqdarı 840 avro (1000 manat) təşkil etdiyi halda, Almaniyada bu göstərici ən yüksək olaraq nəzəri baxımdan maksimum 10,8 milyon avro təşkil edə bilər.

Beləliklə, Avropa ölkələrində diffamasiya qaydaları qalmaqdadır və bu qaydalar onlarla müqayisədə Azərbaycanda daha mülayimdir. Lakin o da aydındır ki, DTİHB-nin EQM hesabatı cinayət diffamasiya müddəalarının ləğv edilməsini tövsiyə etdiyi halda, Avropa İtifaqına üzv ölkələr üzrə EQM hesabatlarında belə tövsiyələr yer almır. Bu isə DTİHB-nin EQM hesabatında neytrallıq prinsipinin qorunub saxlanılmasını şübhə altına alır və açıq şəkildə qərəzli mövqe nümayiş etdirildiyini bildirir.

AVCİYA Azərbaycan, Niderland, Norveç, Almaniya və Fransanın seçkilər zamanı namizədlərin mediaya çıxışının təmin edilməsi ilə bağlı müqayisəli təhlil apardığı zaman məlum olmuşdur ki, Niderland, Almaniya, Fransa və Azərbaycan seçki kampaniyasının iştirakçılarına ödənişsiz efir vaxtı təqdim edir. Almaniyada efir vaxtı cari parlamentdə təmsil edilmə nisbətinə əsasən ayrılır, bununla da, böyük partiyalar, dolayısıyla isə hakim partiyanın xeyrinə addım atılır. Azərbaycan, Fransa və Niderlandda isə efir vaxtı lotereya üsulu ilə müəyyən edilərək bərabər əsaslarda ayrılır. Azərbaycanda kiçik partiyaların ictimaiyyətə daha yaxşı çıxışını təmin etmək üçün məcburi minimum qanunla müəyyən edilir, Niderland isə bu məsələ üzrə səlahiyyətləri Media Təşkilatına verir.

Beləliklə, namizədlərin mediaya bərabər çıxışı ilə bağlı təmin etdiyi müddəalar qərb ölkələri tərəfindən təmin edilən cari prosedurlarla bir sırada durur. Yuxarıda edilmiş təhlili nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, media çıxışıyla bağlı qeyd edilən narahatlıqlar əsassızdır. Belə ki, Azərbaycan tərəfindən təmin edilən müddəalar qərb ölkələrinin müvafiq müddəaları ilə eynidir.

Sonda bildirmək istərdik ki, DTİHB-nin EQM hesabatında müzakirə edilən və bir sıra hallarda tənqid edilən qanunlar göstərilən ölkələrdə mövcud olan analoji qanunlarla, demək olar ki, eynidir. Bundan əlavə, hesabatda göstərilən təndiqlərin konkret faktlara deyil, maraqlı tərəflərin iddialarına və mülahizələrinə əsaslanması, mövcud olmayan və mümkün ola bilən potensial təzyiqlərə istinad edilməsi neytrallığın pozulmasından və qeyri-obyektivlikdən xəbər verir. Bəzi məsələlərlə bağlı (misal üçün diffamasiya qaydaları) əksər Aİ ölkələrində qanunvericiliyin Azərbaycanla müqayisədə daha sərt olmasına və Azərbaycan üzrə hesabatda göstərilməsinə baxmayaraq, bu məsələlərin Aİ ölkələri üzrə EQM hesabatında göstərilməməsi ölkəmizə qarşı ikili standartların və qərəzli yaxınlaşmanın tədbiq edilməsini sübuta yetirir.