Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur

Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur

Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləmək izni ilə bağlı güzəştlər tətbiq olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr təklif edilir.

 

Layihəyə əsasən, məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə görə, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək.

 

Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq.

 

Təklif olunan digər əlavəyə görə də Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. 

 

Apa.az