Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Qarabağ münaqişəsində cinayətlər törədənlərin cəzasız qalması iki dövlət arasında sülhə ciddi maneədir

Dağlıq Qarabağ münaqişəsi dövründə cinayətlər törətmiş şəxslərin – aralarında hazırda Ermənistanda yüksək siyasi və hərbi vəzifələr tutan şəxslər də olmaqla – cəzasız qalması iki dövlət arasında sülhə və barışığa nail olmaq istiqamətində ciddi maneədir…

Dağlıq Qarabağ münaqişəsi dövründə cinayətlər törətmiş şəxslərin – aralarında hazırda Ermənistanda yüksək siyasi və hərbi vəzifələr tutan şəxslər də olmaqla – cəzasız qalması iki dövlət arasında sülhə və barışığa nail olmaq istiqamətində ciddi maneədir. Trend-in Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadən verdiyi məlumata görə, bunu fevralın 19-da BMT Təhlükəsizlik Şurasının gündəliyinin “Beynəlxalq sülh və

təhlükəsizliyin qorunmasında qanunun aliliyinin təşviq edilməsi və gücləndirilməsi ” bəndi üzrə qurumun açıq iclasında çıxış edən Azərbaycan nümayəndəsi bildirib.

Mövzunun onun ölkəsi üçün vacibliyini vurğulayan Azərbaycan nümayəndəsi deyib ki, Azərbaycanın bu məsələ üzrə mövqeyi onun Cənubi Qafqaz bölgəsində və dünyada davamlı sülh və inkişafın bərqərar edilməsinə töhfə vermək marağından, o cümlədən təcavüz, zorakı separatizm, xarici hərbi işğal və etnik təmizləmələrin nəticələrinin aradan qaldırılmasındakı praktiki təcrübəsindən irəli gəlir.

Əsas diqqət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına yönəldilib və qeyd edilib ki, 1987-ci ildə qonşu Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialar irəli sürməsi sonradan Azərbaycan ərazilərinin işğalı, minlərlə azərbaycanlı dinc sakinin qətlə yetirilməsi və bir milyondan artıq azərbaycanlının Ermənistan və işğal edilmiş ərazilərdəki evlərindən qovulması ilə nəticələnib.

Bununla yanaşı bildirilib ki, Ermənistanda terrorçuların və müharibə cinayətkarlarının tərənnüm edilməsi, o cümlədən onların milli qəhrəman statusuna qaldırılması və onlara dövlət təltiflərinin verilməsi, Ermənistan rəhbərliyinin qanunun aliliyi və sivil münasibətlərin universal dəyərlərindən nə qədər uzaq olduğunu nümayiş etdirir.

Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsinin əsassız, yalan və böhtan xarakterli bəyanatına istinad edərək, prezidenti və digər yüksək səviyyəli rəsmi şəxslərinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı bir ölkənin bəyanatlarının heç bir çəkiyə malik olmadığını vurğulayıb.

Daha sonra qeyd edilib ki, bu xüsusda mövcud problemlərin həll edilməsinin ən yaxşı yolu Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsi və müharibə dövründə azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş cinayətlərə görə cavabdeh olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsidir.

/Trend/