Azərbaycanlı məcburi köçkünlərin vəkili: “Ermənistana qarşı qaldırılan iddia əsasında keçirilən məhkəmədə uğur qazanacağıq”

Qabriel Lanski: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər”…

 

Qabriel Lanski: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər”

 

Strasburq. Fuad Qulubəyli – APA. «Bugünkü proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Qərarın nədən ibarət olacağını təbii ki, yalnız qərar çıxdıqdan sonra biləcəyik, ancaq mən çox optimistəm. Bu prosesdə uğur qazanacağıq”.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının «Çıraqov və başqaları Ermənistana qarşı» iş üzrə keçirdiyi prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında deyib.

 

Vəkil bildirib ki, iddia tərəfinin əsas strategiyası Strasburq məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan, mən tam əminəm ki, bu proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsasızdır. Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına ehtiyac var.

 

Hesab edirəm ki, erməni tərəfinin apardığı bu oyun məhkəmə hakimləri tərəfindən qəbul edilməyəcək. Məhkəmənin əlində olan materiallar bizim bu işdə uğur qazanacağımızı tam əminliklə söyləməyə əsas verir. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqda qərarı bizim uğur qazanmamız istiqamətində ilk addım idi”.

/Apa/