Azərbaycanlı müəllifin “Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povesti malay dilinə tərcümə olunaraq yayılmışdır

Fevralın 25-də Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi təşkil olunmuşdur…

Fevralın 25-də Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi təşkil olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, Malayziyanın Azərbaycan şirkətləri ilə əməkdaşlıq quran müəssisələrinin, yerli ictimaiyyətin və KİV nümayəndələrinin, bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdikləri mərasimdə Səriyyə Müslümqızının “Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povestinin malay dilinə tərcüməsi təqdim edilmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Qaley Allahverdiyev Xocalı soyqırımı haqqında danışmış, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı elan olunmamış müharibə ilə bağlı məlumat vermişdir. Diplomat müstəqilliyimizin ilk dövrlərində dövlətimizə qarşı aparılan haqsız müharibədə Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş cinayətləri açıqlamış, Xocalı soyqırımına hüquqi qiymət verilməsi prosesindən, dünya ictimaiyyətinin diqqətinin bu faciəli hadisəyə yönəldilməsinin vacibliyindən danışmış, bir sıra ölkələrin parlamentlərində, beynəlxalq təşkilatların sənədlərində Xocalı faciəsinin insanlıq əleyhinə cinayət aktı olaraq təsdiqləndiyini vurğulamışdır.

Daha sonra Q.Allahverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Xocalı soyqırımı ilə bağlı həqiqətləri yerli ictimaiyyətə daha geniş çatdırmaq məqsədilə səfirlik tərəfindən malay dilinə tərcümə edilərək çapdan buraxılan “Xocalı uşaqları, qan içində qar çiçəyi” povestində cərəyan edən hadisələr və onun Xocalıdan olan müəllifi haqqında məlumat vermiş, əsərin tərcüməsində iştirak etmiş mütəxəssislərə təşəkkürlərini çatdırmışdır. O bildirmişdir ki, kitabın nüsxələri Malayziyanın ictimai kitabxanaları və elm-təhsil ocaqlarına göndərilmişdir.

Azərbaycanlı diplomat mərasimdə iştirak edən mətbuat nümayəndələrinin Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi, habelə bu məsələlərin Malayziyada tanıdılması ilə bağlı suallarını cavablandırmışdır.

Mərasim iştirakçılarına Xocalı soyqırımı ilə bağlı kitablar, broşürlər və jurnallar paylanılmışdır.

 

/AzərTAc/