Azay Quliyev: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, uzadılması ilə məşğuldur

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur…

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev Şuranın təşkilatçılığı ilə Şuşanın ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən konfransda bildirib.

A.Quliyev deyib ki, təəssüflər olsun ki, Azərbaycan hələ də torpaqlarının işğal günlərinin qeyd edilməsinə məhkumdur. Təəssüf ki, hələ də Dağlıq Qarabağ probleminin həllində sülhə, irəliləyişə nail olunmayıb.

Millət vəkilinin fikrincə, problemin həll olunmamasının hesabını artıq yaradılmasının 20 ili tamam olacaq ATƏT-in Minsk qrupundan da tələb etmək lazımdır: “Azərbaycan xalqı və vətəndaşlarının tam haqqı var ki, ATƏT-in Minsk qrupundan niyə bu məsələnin həllində irəliləyişin olmamasının hesabını soruşsun. Bu gün ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur “.

A.Quliyev təəssüflə qeyd edib ki, Minsk qrupunun bəzi üzvləri açıq şəkildə ermənipərəst mövqe sərgiləyirlər: “Artıq elə həmsədr diplomatlar peyda olub ki, onlar ən azından görüntü xatirinə də olsa, bitərəfliyini qorumaq əvəzinə, tam şəkildə erməni maraqlarını müdafiə edən mövqe sərgiləyirlər. Söhbət ABŞ-dan olan həmsədr Ceyms Uorlikdən gedir “.

Şura sədri hesab edir ki, Azərbaycanın xarici işlər nazirinin müavininin bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe haqlıdır və ABŞ buna öz münasibətini rəsmi şəkildə bildirməlidir: “Ceyms Uorlik həmsədr kimi vəzifəsindən uzaqlaşdırılmalıdır. ABŞ buna münasibət bildirməlidir. Ən azından bizim heysiyyatımızla oynayan və bizim problemimizə laqeyd yanaşan bir diplomatı görmək istəmirik. Bu, çox haqlı mövqedir. ABŞ səfirliyi bu yanaşma ilə razı deyil, amma biz də ABŞ-ın yanaşması ilə razı deyilik. Ən azından bu şəxs erməniləri açıq şəkildə müdafiə edən bəyanatlarından və ya mövqeyindən əl çəkməlidir “.

 

/Trend/