Azay Quliyev: “Beynəlxalq qurumların müəyyənləşdirdiyi indekslərdə Azərbaycanın irəliləməsi hökumətə əlavə stimul verəcək “

“Beynəlxalq qurumlar tərəfindən müəyyənləşən indekslərdə Azərbaycanın irəliləməsi hökumətin bundan sonra bu istiqamətdə həyata keçirəcəyi islahatlara əlavə stimul verəcək “…

“Beynəlxalq qurumlar tərəfindən müəyyənləşən indekslərdə Azərbaycanın irəliləməsi hökumətin bundan sonra bu istiqamətdə həyata keçirəcəyi islahatlara əlavə stimul verəcək “.

 

Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatda Azərbaycanın irəliləməsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, beynəxalq qurumlar indeks müəyyən edərkən ən müxtəlif kriteriyalar tətbiq edir, çox ciddi araşdırmalar aparırlar. Bunun üçün ölkənin iqtisadi hüquqi mühiti, praktiki vəziyyəti, iqtisadi resursları, bütünlükdə bir çox parametrlər nəzərə alınır.

 

Millət vəkili hesab edir ki, Azərbaycanın bu baxımdan son illər əldə etdiyi uğurlar, ölkə Prezidenti tərəfindən qəbul olunan qərarlar təkcə yerli ictimaiyyət və ekspertlər tərəfindən deyil, beynəlxalq ekspertlər tərəfindən də doğru-dürüst qiymətləndirilir: “Bu gün məhz beynəlxalq qurumlar tərəfindən hazırlanan indekslər hesabatında Azərbaycanın yerinin müsbətə doğru dəyişməsi buna sübutdur. Bu, ondan xəbər verir ki, Azərbaycanda, həqiqətən də, rəqabətlilik prinsipi sayəsində istisadiyyatla bağlı mühüm addımlar atılır, dövlət iqtisadi fəaliyyətlə bağlı kifayət qədər müasir şərait yaradıb “.

 

A.Quliyev deyib ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə elektron xidmətlərin sayı artırılıb, artıq bir çox xidmətlər elektron formada həyata keçirilir: “Bu gün sahibkarların işi xeyli asanlaşıb. Onlar qısa müddət ərzində öz vergi borclarını ödəyə bilirlər. Bütövlükdə Azərbaycanda həyata keçirilən kompleks islahatlar dünyanın nüfuzlu qurumu tərəfindən müəyyənləşən indeksdə ölkəmizin yerinin yaxşılaşmasına imkan verib. Mən bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi bizi daha da ruhlandıracaq və hökumətin bundan sonra da bu istiqamətdə həyata keçirəcəyi islahatlara əlavə stimul verəcək “.

 

Qeyd edək ki, ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3-nü toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutub və iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb.

/milli.az/