Azərbaycan hökuməti məcburi köçkünlərin “Qayıdış proqramı”nı hazırlayıb

“Azərbaycan hökuməti artıq “Qayıdış proqramı”nı hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub.
Əgər sülh müqaviləsi imzalanacaqsa, bu proqram mərhələ-mərhələ həyata keçiriləcək”. APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, indiyədək məcburi köçkünlərlə bağlı həyata keçirilən proqramlar sosial yönümlü olub. Bundan sonra həyata keçiriləcək proqramlar isə daha çox inkişaf, reabilitasiya yönümlü, məcburi köçkünlərin iş vərdişlərinin bərpasına yönəlmiş proqramlar olacaq: “Bu insanlar artıq 16 ildir ki, yardımlarla yaşayıblar. Lakin indi biz bu insanları qayıdışa hazırlamalıyıq. Bu məqsədlə bütün beynəlxalq təşkilatları bu işə cəlb etmişik”.