Azərbaycan hava məkanını pozaraq mövqelərimizə hücuma keçmək istəyən Ermənistan helikopterinin vurulması rəsmi Bakının zaman-zaman dilə gətirdiyi xəbərdarlığı praktiki şəkildə yerinə yetirmək potensialında olduğunu göstərdi…
Azərbaycan hava məkanını pozaraq mövqelərimizə hücuma keçmək istəyən Ermənistan helikopterinin vurulması rəsmi Bakının zaman-zaman dilə gətirdiyi xəbərdarlığı praktiki şəkildə yerinə yetirmək potensialında olduğunu göstərdi.
Hər şey İrəvanın lovğa və təxribatçı mahiyyəti ilə başladı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 40 minlik ordu və texnika ilə qanunsuz olaraq hərbi təlimlərə keçirdi. Hərbi helikopterlər Azərbaycan səmasında manevrlər edərək təmas xəttinə qədər gəldilər. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi helikopterlər Azərbaycan mövqelərinə hücuma hazırlaşırmış. Yəni Azərbaycan ordusu bu hücumların vaxtında qarşısını ala bilib.
Dünyanın qərəzli və erməni lobbisinə yaxın dairələrinin Azərbaycanı ittiham etməsinə, eləcə də ədalətsiz mövqe tutan beynəlxalq güclərin ikili yanaşmasına baxmayaraq, rəsmi Bakı haqlı idi. Bu haqqı ona ilk növbədə öz qanunları, eləcə də beynəlxalq hüquq verir. Azərbaycanın ərazi bütövlüyü konstitusiyası ilə tənzimlənir və eyni qanun işğal edilmiş ərazilər daxil olmaqla bütün respublika ərazisində keçərlidir. İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq hüquqda tanınan əraziləridir. Deməli, bu ərazilərdə hansısa hərbi hərəkətlərə qarşı Azərbaycan ordusu adekvat addım ata bilər.
Azərbaycana bu haqqı beynəlxalq konvensiyalar da verir. Bu ərazilərin beynəlxalq hüquqda Azərbaycan əraziləri kimi tanınması ilə yanaşı, rəsmi Bakının 1992-ci ildə qoşulduğu beynəlxalq mülki aviasiya haqqında Çikaqo konvensiyası da hava məkanının pozulmasını qəbuledilməz sayır.
Maraqlı olan bundan sonrakı proseslərin necə inkişaf edəcəyidir. Çünki rəsmi Bakı işğal edilmiş ərazilərdə hərbi və mülki təyyarələrin icazəsiz uçacağı halda vurulacağını bəyan edib. Bununla bağlı bütün ölkələrin aviaşirkətlərinə, eləcə də beynəlxalq təşkilatlara rəsmi sorğu da göndərilib.
Deməli, Azərbaycan ordusu işğal edilmiş ərazilərin səmasında qanunsuz uçan istənilən obyekti anında məhv edə bilər. Hətta bu, Ermənistan prezidenti Serj Sərkisyanın təyyarəsi olsa belə. Halbuki helikopter olayından sonra Sərkisyan eyni tipli təyyarə ilə Dağlıq Qarabağa gəlmişdi. Azərbaycanın rəsmi xəbərdarlığı da məhz bundan sonra yayımlandı.
Bununla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində maraqlı məqama toxunub.
Millət vəkili işğal olunmuş ərazilərin hüquqi statusu ilə bağlı qanun qəbul edilməsini təklif edir: “Bu qanun təcili qəbul olunmalıdır və işğal altındakı torpaqlar üzərindəki hava məkanı uçuşlara qadağan olunmalıdır. Qadağan olunmuş zonaya daxil olan bütün obyektlər vurulmalıdır. Əgər bu, sərnişin təyyarəsidirsə, sözsüz ki, o zaman bunun vurulması yox, yerə endirilməsi istiqamətində addımlar atılmalıdır. Əgər Sərkisyan bir də hərbi vertolyotla, özü də hərbi geyimdə Azərbaycana uçarsa, onun uçduğu vertolyot dərhal məhv edilməlidir. Mülki aviasiya ilə uçduğu halda bizim qırıcılar onun yerə məcburi enişini təmin etməlidir”.
“ICAO Azərbaycanın mövqeyini dəstəkləyir”
Beynəlxalq hüquq Azərbaycana bu imkanı tanıyır, hətta helikopterin içində düşmən ölkənin prezidenti olsa belə.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın mövqeyini dəstəkləyir”. Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) Publika.az-ın sorğusuna cavabında bildirib.
“Konvensiyanın “3 Bis” maddəsinə uyğun olaraq Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinə qanunsuz uçuş edən hava gəmilərinin endirilməsini tələb edə bilər. Əgər tələb yerinə yetirilmirsə, həmin hava gəmilərinə qarşı digər vasitələrdən, o cümlədən fiziki metodlardan istifadə mümkündür. Beynəlxalq hava hüquqları ermənilərə belə uçuşlar həyata keçirməyə icazə vermir. Yəni bizim icazəmiz olmadan heç bir uçuş ola bilməz. Biz administrasiya olaraq bu məsələ ilə bağlı bütün addımları atmışıq. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın mövqeyini dəstəkləyir”, – deyə ADMAA cavabında qeyd edib.
“Bu haqqı heç kim dana bilməz”
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında Azərbaycanın Dağlıq Qarabağda uçan istənilən obyekti endirmək haqqının olduğunu bildirib. Onun sözlərinə görə, bu haqqı heç kim danmır: “Dana da bilməzlər. Bütün Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar Bakıya bu haqqı tanıyır”.
“Sərkisyanın Dağlıq Qarabağ səmasında uçan təyyarəsi Bakı tərəfindən vurula bilər”
Politoloq Natiq Miri isə Publika.az-a açıqlamasında Azərbaycanın Sərkisyanın içində olduğu helikopteri düşürə biləcəyi ehtimalının yüksək olduğunu deyib: “Ermənistan prezidenti Serj Sərkisyan içində olsa belə istənilən hərbi helikopterin Bakı tərəfindən vurulması mümkündür. Bu hava məkanı bütün xarici ölkələrinin hərbi, hətta mülki təyyarələrinə bağlıdır. Bu, birmənalı olaraq konstitusiyamıza və beynəlxalq hüquqa söykənən haqdır. Azərbaycan dəfələrlə xəbərdarlıq edib. İstənilən hərbi helikopterin olması, içində hər hansı ölkənin prezidentini daşıması belə heç nəyi dəyişmir. Azərbaycan ordusu istənilən vaxt həmin helikopteri vura bilər”.
“Qanunsuz uçuşlara qarşı Bakı sussa, bu öz imicinin zədələnməsi deməkdir”
Politoloq rəsmi Bakının daha sərt mövqe tutacağını düşünür. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu vaxta qədər danışıqlar prosesinin şərtlərinə yüksək səviyyədə əməl edilib: “Lakin dünya hələ də Ermənistanın ərköyünlüyü ilə oynayır. Hər şeyin bir həddi olduğu kimi Azərbaycanın da səbrinin həddi var. Digər tərəfdən, xəbərdarlıq edilib. Əgər işğal edilmiş ərazilərin hava məkanında qanunsuz uçuşlara qarşı Bakı sussa, bu öz imicinin də zədələnməsi deməkdir. Buna görə Azərbaycanın bundan sonra daha sərt mövqe tutacağını düşünürəm”.
N. Miri helikopter olayının Azərbaycana divident gətirdiyini düşünür. Onun sözlərinə görə, Ermənistan helikopterinin vurulması həm siyasi, həm də hərbi cəhətdən bizim xeyrimizə idi: “Bundan sonra Dağlıq Qarabağ problemini Ermənistanın maraqları çərçivəsində həll etmək mümkün olmayacaq. Digər tərəfdən, bu dünyanın diqqətini status-kvonun davam etməsinin mümkünsüzlüyünə çəkdi. Artıq dünya Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal boşaldılmasının vacibliyini anlayırlar”.
“Sərkisyan helikopterlə Dağlıq Qarabağa gəlməkdən çəkinəcək”
N. Miri Ermənistan ictimaiyyətinin də növbəti zərbə aldığını bildirib.
“Azərbaycan əsgəri Ermənistan ordusunu növbəti dəfə darmadağın etdi. Ermənilər Azərbaycan ordusu ilə döyüşmək iqtidarında olmadıqlarına əmin oldular. Bu məğlubiyyət sindromudur. Bundan sonra Ermənistan əsgəri Azərbaycan ordusu qarşısına çıxa bilməyəcək. Bütün dünyanın mediasının 80 faizi da bu hadisədə Azərbaycana haqq qazandırdı”, – deyə o bildirib.
Politoloq hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyan bir də hərbi helikopterlə hərbi geyimdə Dağlıq Qarabağa gəlməyəcək. Onun fikrincə, Sərkisyan belə addım atmaqdan çəkinəcək.
/Publika/