Bakıda avtobuslarda gediş haqqı mobil telefon vasitəsilə ödəniləcək

“Azercell ” MMC ictimai nəqliyyatda mobil telefon vasitəsilə gediş haqqının ödənişi sistemini tətbiq etməyə hazırlaşır…

“Azercell ” MMC ictimai nəqliyyatda mobil telefon vasitəsilə gediş haqqının ödənişi sistemini tətbiq etməyə hazırlaşır. Bunu cümə axşamı Trend-ə şirkətin prezidenti Kiril Qaburiç deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş metodunun tətbiqi üçün 2 variant nəzərdən keçirilir: “Birinci variant birbaşa SMS vasitəsilə ödənişi nəzərdə tutur. SMS göndərildikdən sonra ştrix-kodun yüklənməsi üçün abonent qurğusuna dərhal yüklənən link gəlir. Sonra ştrix-kod istifadə üçün daha aktiv olur. Sərnişin turniketə yaxınlaşaraq telefonun ekranında alınan ştrix-kodu açır və telefonu qurğuya qoyaraq ödəniş edir “.

Digər variant qısa nömrəyə zəng edilməsini nəzərdə tutur. Qısa nömrəyə zəng etməklə telefonun dinamikasında siqnal səsi eşidiləcək. Bundan sonra sərnişin telefonu terminalın validatoruna qoymaqla ödəniş edə biləcək. Gediş haqqının qiyməti tarifə uyğun olaraq abonentin mobil hesabından silinəcək.

K.Qaburiç qeyd edib ki, hazırda iki variant sınaqdan keçirilir və ödəniş sistemi daha optimal qərar qəbul edildikdən sonra tətbiq ediləcək: “Hazırda biz “ikili cib “in hazırlanması üzərində işləyirik. Bu yenilik abonentlərə iki hesaba nəzarət etməyə imkan verəcək. Onlardan birincisi GSM-ə bağlanacaq, ikincisi isə mobil ödənişlər həyata keçirəcək. Məsələn, bu, kommunal və digər xidmətlər ola bilər “.

/Trend/